Livədirqə kənd ərazi icra nümayəndəsinin 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Livədirqə kənd inzibati ərazi icra nümayəndəliyinin hesabat yığıncağı keçirildi.
Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov açaraq son vaxtlar neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası nəticəsində respublika iqtisadiyyatında yaranmış vəziyyət barədə məlumat verdi. Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş iclasında yaranmış vəziyyəti ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar vermişdir. Əhalinin sosial-iqtisadi vəziyyətinin sabit saxlanması istiqamətində mühüm addımlar atılmış, əmək haqları, pensiya və sosial müavinətlər artırılmışdır. Üçüncü Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident əldə olunan uğurlarla yanaşı nöqsan və çatışmamazlıqları diqqətə çatdırdı, regionların inkişafına, xüsusi ilə sənaye və kənd təsərrüfatının inkişafına nail olmaq məqsədi ilə konkret tapşırıqlar vermişdir. Rayon icra hakimiyyətində artıq qarşıda duran vəzifələrin, rayonumuzda kənd təsərrüfatının inkişafı, əvvəllər rayonda mövcud olmuş istehsal sahələrinin bərpası istiqamətində tədbirlər müəyyənləşdirilir.
Hesabat yığıncağında kənd icra nümayəndəsi Davud Manafov ötən ilin sosial-iqtisadi uğurları, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək respublikanın hər yerində olduğu kimi cənab Prezidentin qayğı və diqqəti ilə Lerik rayonunda və Livədirqə ərazisində də görülmüş işləri diqqətə çatdırdı. Bildirdi ki, hesabat ilində Dövlət Proqramının uğurlu icrası nəticəsində Livədirqə inzibati ərazi dairəsinə daxil olan kəndlərdə də bir sıra işlər görülmüşdür. Son illər Livədirqə kəndində 180 şagird yerlik yeni məktəb binası, digər zəruri infrastrukturlar üçün inzibati binalar inşa edilmiş, yeni körpülər salınmış, Mastayıl kənd tam orta məktəbi isə əsaslı təmir edilərək istifadəyə verilmişdir. 180 şagird yerlik Əvilə kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisində işlər davam etdirilir. Cənab Prezidentin tapşırığına əsasən yaşayış məntəqələrinin qazlaşdırılması proqramı çərçivəsində 2015-ci ildə Livədirqə, Yuxarı Bilnə, Nıso Murya, Qədiməkücə kəndlərinə mavi qazın verilməsi təmin edilmişdir. Hazırda Murya kəndində vətəndaşların evlərinin qazlaşdırılması işləri aparılır. Bu işdə nümayəndəlik və bələdiyyənin köməkliyi ilə əhali fəal iştirak edir. 2016-cı ildə Mastayıl və Əvilə kəndlərinin də qazlaşdırılmasına başlanacaqdır.
Natiq qeyd etdi ki, Livədirqə kənd inzibati ərazi dairəsi 7 kəndi birləşdirir. Ərazidə 809 təsərrüfatda 4921 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə ərazimizdə də müəyyən işlər görülmüşdür. Kənd təsərrüfatına yararlı torpaqlarından təyinatı üzrə istifadə edilməsi, həmin torpaqlarda qanunsuz tikililərin aparılmasının qarşısının alınması, torpaqlardan səmərəli istifadə olunması, əkin sahələrinin həcminin və məhsuldarlığın artırılması ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılmışdır. Bunun nəticəsidir ki, şəxsi təsərrüfatlarda 2101 baş qaramal, 4790 baş qoyun-keçi və 6042 baş quş saxlanılır. Bu da əvvəlki illərlə müqayisədə çoxdur.
2015-ci ildə ərazidə 85,90 hektar sahədə, əvvəlki ilə nisbətən 23 hektar çox taxıl əkilmiş, 1785 sentner məhsul istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 20,7 sentner olmuşdur. 2016-cı ilin məhsulu üçün 113 nəfər tərəfindən 130 hektarda əkin aparılmışdır. Bu da göründüyü kimi əvvəlki ildən 44 hektar çoxdur. Əhali son vaxtlar baş verən bu hadisələrdən nəticə çıxarmalı, mövcud əkinə yararlı torpaqlardan səmərəli istifadə etməklə ərzaq bolluğunun yaradılmasında iştirak etməli, ən azından öz ailələrinin taxıla və taxıl məhsullarına tələbatını ödəməyə səy göstərməlidir. Bunun üçün dövlətimiz tərəfindən hər cür dəstək verilir. İnanırıq ki, ölkə başçısının kənd təsərrüfatının, sahibkarlığın inkişafı etdirilməsi məqsədilə son vaxtlar qəbul etdiyi qərarlar, parlamentdə qəbul olunmuş qanunlar öz bəhrəsini verəcək, əhalimiz torpaqdan daha səmərəli istifadə etməklə bu sahənin inkişafını nail olacaqdır.
Sonra ərazi icra nümayəndəsi kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətləri, onların qəbulu işinin təşkili barədə ətraflı məlumat verdi.
Hesabat yığıncağında Murya kənd sakini Şəmsiəli Şahpələngov, Livədiqə kənd sakinləri Abbas Zahidov, Sabir Həmidov, Cavid Kərimov, Murya kənd sakini Əlirza Kazımov, Mastail kənd sakini Fayaz Seyfiyev, Əvilə kənd sakini Əbdülağa Sadıxov və başqaları çıxış edərək ərazidə görülən işlərdən razılıqlarını bildirdilər və kəndlərin qazlaşdırılmasının, kəndara yolların asfaltlaşdırılmasının davam etdirilməsini, güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası və kreditlərinin verilməsini, süd emalı müəssisəsinin açılmasına, elektrik xətlərinin təmirinə, Murya kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə köməklik göstərilməsini xahiş etdilər.
Yekun sözü ilə rayon icra hakimiyyəti başçısı çıxış edərək qaldırılan məsələlərə münasibətini bildirdi, 2016-cı ildə Livədirqə ərazisinə daxil olan kəndlərdə görüləcək işləri və qarşıda duran vəzifələri qeyd etdi. Ərazi icra nümayəndəsi və yerli təşkilat rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.
Hesabat yığıncağında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul edirdi.