Noda kəndində səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Noda kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə artıq ənənə halını almış səyyar görüş-qəbullarda bir neçə dəfə sizlərlə görüşmüşük. 2016-cı ildə Noda ərazisində ilk səyyar qəbulumuz keçirilir.
Yola saldığımız il respublikamız üçün uğurlu olmuşdur. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident cənab İlham Əliyev ətraflı çıxış etmişdir. Son illər dünyada iqtisadi böhranın hökm sürdüyü halda cənab Prezidentin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilir, ölkəmiz dinamik inkişaf edir. Respublikamızda və rayonumuzda geniş abadlıq-quruculuq işləri həyata keçirilir, yeni iş yerləri yaradılır, bütün sahələrdə uğurlu nəticələr əldə olunur. Bunun bariz nümunəsi kimi rayonumuzda yeni məktəb binalarını, səhiyyə ocaqlarını və digər sosial obyektləri, tikilən yolları misal göstərmək olar. Ərazinizdə ötən illərdə Günəşli kəndində məktəb binası əsas təmir edilmiş, yeni poçt binası tikilmiş, yeni EATS quraşdırılmış, Noda kəndinin yolu asfaltlaşdırılmış, uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılacaqdır. Son günlər ölkəmizdə yaranan maliyyə-iqtisadi çətinliklərin aradan qaldırılması üçün cənab Prezident tərəfindən operativ müdaxilələr oldu və qısa müddətdə həm süni bahalaşmanın qarşısı alındı, həm də əhalinin rifah halının yaxşılaşdırılması məqsədi ilə əmək haqları, pensiya və müavinətlərin artırılması məqsədi ilə sərəncamlar imzalandı.
Səyyar görüş-qəbulda vətəndaşlardan Mirzağa Vəliyev, Tarverdi Ağayev, İmran Zəkiyev, Zaur Zeynalov, İdris Baxşıyev, İradə Rufullayeva, Zamiq Ağayev, Süsən Şahbazova və başqaları görülən içlərlə bağlı minnətdarlıqlarını bildirdilər, ərazinin kəndlərinə qaz xəttinin çəkilməsinə, kəndara yolların təmirinə, fərdi evin tikintisi üçün mal-materialın verilməsinə, su xəttinin çəkilməsinə, ünvanlı sosial yardımın təyin edilməsinə, məktəbdə istilik probleminin həllinə, ərazidə üzümçülüyün inkişafına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən həlli mümkün məsələlərin icrası məqsədilə aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.