20 Yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirildi
20 Yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısının, rayon hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrinin kollektivlərinin, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksində ümumrayon anım mərasimi keçirildi.
Anım mərasimini rayon icra hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Əlipənah Bayramov giriş sözü ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə törədilmiş hadisələrindən 26 il ötür. Bu hadisə keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır.
1990-cı il 20 Yanvar günü tariximizin həm kədərli, həm də qəhrəmanlıq səhifəsini təşkil edir. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını və azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya bəyan etdi.
Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Mixail Qorbaçov Kremlin qarşısında həmişə mütilik və satqınlıq nümunəsi göstərən respublika rəhbərlərinin razılığı ilə Bakıya 60 minlik qoşun kontingenti yeritdi, Bakıda fövqəladə vəziyyət elan etdi. O gecə Bakı qan içində boğuldu. Azərbaycan yeni faciəyə düçar edildi, 147 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 744 nəfər yaralandı, 800 nəfərdən çox adam həbs edildi, 33 nəfər itkin düşdü. 200 ev talan edilərək yandırıldı, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, küllü miqdarda şəxsi və dövlət əmlakı məhv edildi.
Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
O ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk və mütəmadi olaraq yaran ümumilli lider Heydər Əliyevin haqq səsi idi. Moskvada çətin şəraitdə olmasına baxmayaraq faciənin səhəri günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsini ucaltdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 21 noyabr 1990-cı ildə “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” xüsusi qərar qəbul edildi, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” adı verildi.
1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini, varlığını, dövlətçiliyini qorumaq üçün öz canlarından keçmiş övladları ilə fəxr edir. Hər il dövlət başçısı, hökumət üzvləri və milyonlarla insanın iştirakı ilə 20 Yanvar şəhidlərinin yad edilməsi, xatirəsinin hörmətlə anılması bu günün unudulmaz bir tarix olduğunu bir daha göstərir.
Bu faciənin yetişən nəsil üçün qəhrəmanlıq günü sayılan 20 Yanvarın gələcək nəsillərə çatdırılması məqsədilə hər il Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiq edilir, həm respublikamızda, həm də dünyanın bütün guşələrində yaşayan həmvətənlərimiz tərəfindən anım mərasimləri, müsabiqə və dəyirmi masalar, sərgilər keçirilir. Vətən övladlarımızın qəhrəmanlığı haqqında filmlər çəkilir, kitablar yazılır.
Bu faciəni unutmaq olmaz. Gələcək nəslə bu faciə haqqında məlumatların çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur. Azadlığımız, müstəqilliyimiz və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi həmişə yad edilməlidir.
Sonra 20 Yanvar hadisələri və o dövrdə respublikamızdakı baş verən ictimai-siyasi proseslər haqqında tarixçi Hüseynbala Əliyev ətraflı çıxış etdi. Azadlıq uğrunda mübarizəyə qalxan xalqımızın igid oğul və qızlarının haqq səsini boğmaq istəyən qüvvələrə 20 Yanvarın sanki bir dərs olduğunu qeyd etdi. Bu gün göstərdi ki, Azərbaycan xalqı öz dövlətçiliyinə, suverenliyinə necə bağlı bir xalqdır. Bu gün xalqımızın 20 Yanvarı qəhrəmanlıq günü kimi qeyd etməyə mənəvi haqqı vardır.
Rayon icra hakimiyyəti başçısı, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilat və müəssisələrin kollektivləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri, məktəblilər “Şəhidlər” abidə kompleksinin önündə tər gül-çiçək dəstələri düzdülər.
Anım mərasimi rayon mədəniyyət mərkəzi və şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin hazırladığı bədii kompozisiya ilə başa davam etdirildi.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi.