Vizəzəmin kənd ərazi icra nümayəndəsinin 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Vizəzəmin kənd inzibati ərazi icra nümayəndəliyinin hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında ötən ilin sosial-iqtisadi uğurları, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən kənd icra nümayəndəsi Elxan Aslanov ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi. Bildirdi ki, son illər respublikada olduğu kimi, rayonda da aparılan tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Ərazimizin Hamarmeşə, Bibiyanı və Vizəzəmin kənd tam orta məktəbləri üçün yeni binalar tikilmiş, Peştətük kənd xəstəxanası əsaslı təmir edilmiş, Hamarmeşə, Vizəzəmin kəndlərindəki ATS-lər elektron tipli ATS-lə əvəz olunmuş, Peştətük və Almu kəndində yeni elektron tipli ATS-lər quraşdırılmışdır. Bütün EATS-lər internet xidmətinə qoşulmuşdur.
Yığıncaqda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış etdi. Bildirdi ki, Dünyada gedən siyasi-iqtisadi böhrana baxmayaraq 2015-ci ildə Azərbaycan dövləti öz əsas hədəflərindən yayınmadı və qarşıya qoyulan məqsədlərə əvvəlki illərdəki səviyyədə olmasa da nail ola bildi. 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, kənd təsərrüfatı 6,6 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinin səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş “G-20”-yə üzv olan 8 ölkəni qabaqlamışdır. 2015-ci il enerji sahəsində ən önəmli addımlardan biri “TANAP” layihəsinin icrasına başlanmasıdır. Eyni zamanda Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi istiqamətində böyük işlər həyata keçirilmişdir.
2015-ci ildə rayonumuzda 2 yeni məktəb binası istifadəyə verilmiş, 2 kənddə yeni məktəb binasının tikintisində işlər davam etdirilmişdir. 7 kəndimizə mavi yanacağın verilməsi təmin edilmişdir. Ayrı-ayrı istiqamətlərdə kəndara yolları, yaşayış məntəqələrinin elektrik təchizatı yaxşılaşdırmaq üçün elektrik xətləri və transformatorlar, Lənkəran-Lerik yüksək gərginlikli elektrik hava xətti əsaslı təmir edilmişdir. Ümumiyyətlə 2015-ci ildə də rayon mərkəzində və kəndlərimizdə tikinti-quruculuq işləri aparılmışdır. Cənab Prezidentin qayğı və diqqəti ilə bu işlər növbəti illərdə də davam etdiriləcəkdir. Vizəzəmin icra nümayəndəliyinin ərazisində ”Relax”, ”Meşəbəyi”, ”Cənub” və digər turizm istirahət mərkəzlərində çoxlu sayda vətəndaşlar çalışır. Həmçinin vətəndaşlar şəxsi təsərrüfatlarında istehsal etdikləri kənd təsərrüfatı məhsullarını, quş əti, yumurta, süd, pendir və s. həmin istirahət mərkəzlərinə satmaqla əlavə gəlir əldə edirlər. Eyni zamanda ərazinin Peştətük kəndində çörək zavodu fəaliyyət göstərir. Həmin kənddə yeni su-şirə zavodunun tikintisi aparılır. Bu da yeni iş yerlərinin açılması deməkdir.
Hesabat yığıncağında Vizəzəmin kənd tam orta məktəbinin direktoru Əlisa Əbilov, ərazi Ağsaqqallar Şurasının sədri Qələmirzə Əliyev, Hamarmeşə kənd tam orta məktəbinin direktoru Fərman Haşımov çıxış edərək görülən işlərdən razılıqlarını bildirdilər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini diqqətə çatdırdılar.