Qosmalian kənd ərazi icra nümayəndəsinin 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi
Qosmalian kənd inzibati ərazi icra nümayəndəliyinin hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Hesabat yığıncağında ötən ilin sosial-iqtisadi uğurları, qarşıda duran vəzifələr müzakirə edildi. Məruzə ilə çıxış edən kənd icra nümayəndəsi Oqtay Şıxəliyev son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində əldə olunan nailiyyətləri qeyd etdi. Eyni zamanda ərazimizdə Qosmalıan kənd tam orta məktəbi və poçt şöbəsi üçün yeni bina tikilmiş, Şonaçola ümumi orta məktəbi və Qosmalıan kənd xəstəxanası əsaslı təmir edilmişdir. Möhtərəm Prezident cənab İlham Əliyevin “Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə illərdən bəri tikintisini arzu etdiyimiz Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu yüksək səviyyədə tikilərək vətəndaşlarımızın istifadəsinə verilmişdir. İlk dəfə olaraq ərazimizə magistral təbii qaz xətti çəkilmiş, 3 kənd üzrə 120 abonentə fasiləsiz mavi yanacağın nəqli həyata keçirilmişdir.
Yığıncaqda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış etdi. Müstəqil Azərbaycan dövlətinin tarixində mühüm əhəmiyyət kəsb edən uğurlu tarixi hadisələrlə zəngin olan son 12 ildə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan inkişaf tempinə görə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmuşdur. 12 il ərzində ölkədə həm ümum daxili məhsul istehsalı, həm əhalinin pul gəlirləri, aylıq əmək haqqı və pensiyalar, həm də dövlət büdcəsi dəfələrlə artmış, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır. Qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilmişdir. Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında cənab Prezidentin qeyd etdiyi kimi 2015-ci ilin çətin il olmasına baxmayaraq ümum daxili məhsul istehsalı 1%, artmış, sənaye 2,4%, qeyri-neft sektorunda 8,4 % artım müşahidə edilmişdir.
2015-ci il də dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə, milli valyutanın devalvasiyaya məruz qalmasına baxmayaraq cənab Prezidentin rəhbərliyi ilə Nazirlər Kabinetinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində sosial yönümlü layihələrin icrası davam etdirilmiş, əhalinin ciddi şəkildə ziyan çəkməməsi, süni qiymət artımının qarşısının alınmasından ötrü zəruri addımlar atılmışdır. 2015-ci ildə rayonumuzda 2 yeni məktəb binası istifadəyə verilmiş, 2 kənddə yeni məktəb binasının tikintisində işlər davam etdirilmişdir. 7 kəndimizə mavi yanacağın verilməsi təmin edilmişdir. Ayrı-ayrı istiqamətlərdə kəndara yolları, yaşayış məntəqələrinin elektrik təchizatı yaxşılaşdırmaq üçün elektrik xətləri və transformatorlar, Lənkəran-Lerik yüksək gərginlikli elektrik hava xətti əsaslı təmir edilmişdir. Ümumiyyətlə 2015-ci ildə də rayon mərkəzində və kəndlərimizdə tikinti-quruculuq işləri aparılmışdır. Cənab Prezidentin qayğı və diqqəti ilə bu işlər növbəti illərdə də davam etdiriləcəkdir.
Hesabat yığıncağında Qosmalıan kənd tam orta məktəbinin direktoru Kamal Hüseynov, ağsaqqal Elxan Nurullayev, Qosmalıan bələdiyyəsinin sədri Vaqif Bayramov, Qələsər kənd sakini Elxan Hüseynov, Qosmalian kənd sakini Sabir Quliyev çıxış edərək görülən işlərdən razılıqlarını bildirdilər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini diqqətə çatdırdılar.