Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

28 May – Respublika Günü Lerik rayonunda qeyd edilmişdir

26 may 2012 | 15:00

28 May – Respublika Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. İlk öncə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar, ziyalılar, məktəblilər rayon tarix-diyarşünaslıq muzeyinin qarşısındakı meydanda rəssam Nəcəf Məmmədovun əsərlərindən ibarət Respublika Gününə həsr olunmuş sərgiyə baxış keçirdilər. Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi və rəssam Nəcəf Məmmədova uğurlar arzuladı.
Tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov giriş sözü ilə çıxış etdi.
Dövlət Himni səsləndirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlipənah Bayramov “Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində ilk parlament respublikası” mövzusunda məruzə etdi. Bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycanın istiqlalını elan edərək, Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxtda özünün hökumətini, parlamentini, ordusunu yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə, İslam və Türk dünyasında ilk demokratik respublika idi. Bu dövrdə dövlət quruculuğu işi hüquqi əsaslarda aparılmış, hüquqi dövlətin əsas təsisatları formalaşmışdı. Cümhuriyyər hökumətinin səyləri nəticəsində dövlət quruculuğu daha da genişləndirildi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması barədə fərman verildi. İyunun 27-də Azərbaycan (türk) dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəblər açıldı. Avqustun 23-də Azərbaycan vətəndaşlığı haqqında fərman verildi. Noyabrın 9-da üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraq Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bildirdi ki,1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Sentyabrın 17-də F.Xoyski hökuməti Bakıya köçdü. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.
1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün Müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. Bu amil 70 ildən sonra bir daha özünü sübut etdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını da xüsusi diqqətə çatdırmışdır: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır... Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə Cümhuriyyət məfkurəsinin və tarixinin araşdırılması üçün ciddi hüquqi baza yaratmış oldu.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May – Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir.
2007-ci ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılışı olmuşdur. Qranitdən və ağ mərmərdən yonulmuş abidənin üzərinə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin həm əski əlifba ilə, həm də latın qrafikalı Azərbaycan əlifbası ilə mətni həkk olunub. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır. Cümhuriyyətin şərəfinə abidənin ucaldılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini, milli-mənəvi dəyərlərimizi üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Müsəlman ölkəsi olmaqla yanaşı, Azərbaycan bütün tarixi boyu Qərb dəyərlərini, mədəniyyətini məmnuniyyətlə mənimsəmiş, azərbaycanlı ziyalılar və siyasi xadimlər ölkənin gələcəyini müasir təhsildə, elmdə, sivil xalqlar ailəsinə qovuşmaqda görmüşdür”.
Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 15 fevral tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi bütün ölkə ərazisində təntənəli şəkildə qeyd olundu.
Müqəddəs amallar uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün qətiyyətlə inkişaf etdirilir. İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Dövlətimiz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Bu münasibətlər qarşılıqlı hörmət və qarşılıqlı maraq əsasında qurulmuşdur. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq təkcə regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Ötən il, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü ərəfəsində Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan dövlətinin beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirməsinin göstəricisidir. Sevindirici haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümünü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd etdiyimiz elə bu günlərdə Azərbaycan Avropanın ən böyük mədəniyyət hadisəsinə – “Eurovision – 2012” mahnı müsabiqəsinə ev sahibliyi edir.
Azərbaycanın qüdrətlənməsi Ermənistanla aparılan danışıqların da ölkəmizin maraqları çərçivəsində başa çatacağını söyləməyə tam əsas verir.Çənab İlham Əliyevin bütün çıxışlarında hansı yolla olur-olsun torpaqlarımızın mütləq azad ediləcəyi haqqında verdiyi bəyanatlar xalqımız tərəfindən də razılıqla qarşılanır. İnanırıq ki, bu proplem də Azərbaycanın ərazi bütövlüyü qorunmaqla qısa vaxt ərzində həll ediləcəkdir.
Məruzə ətrafında Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Lerik Rayon İcra Hakimiyyəti başçısının Qosmalian kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Nurullayev çıxış edərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının dövlətçilik tariximizdə müstəsna yer tutduğunu, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini gücləndirdiyini qeyd etdilər.

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov yekun sözü ilə çıxış etdi.
 

Keçidlər