Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi
Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 12-ci il dönümü münasibəti ilə anım mərasimi keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri ümummilli liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Sonra rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önündən keçərək abidənin önünə tər gül-çiçək dəstələri düzdülər, Ulu Öndərə sonsuz ehtiramlarını bildirdilər.
Eyni zamanda Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məruzə etdi. Bildirdi ki, onun Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə göstərdiyi fəaliyyət xalqımız tərəfindən həmişə fəxrlə yad edilir. Ölümündən 12 il ötsə də onun ideyaları qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasında möhtərəm Prezidentimiz və xalqımız tərəfindən uğurla həyata keçirilir.
Daha sonra konfransda rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Veteranlar Şurasının sədri Hidayət Bəşirov, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu olmuş Ulu Öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən 34 illik siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdilər. Bildirildi ki, ötən əsrdə iki dəfə xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə gələn dahi Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmış, dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Bütün bu xeyirxah əməlləri ilə xalqın ürəyində özünə əbədilik qazanmışdır.
İllər keçsə də böyük Azərbaycanlı Heydər Əliyevin dühası, işığı hələ bir neçə əsr müstəqil Azərbaycan dövlətinin, onun bütün varlığı ilə sevdiyi Azərbaycanın və Azərbaycan xalqının yoluna işıq saçacaqdır. Xoşbəxt xalqımız Heydər Əliyev dühasından bəhrələnəcək, onun ruhuna rəhmət oxuyacaqdır.
Konfransın yekununda ümummilli liderin həyatını əks etdirən “O, Heydər Əliyev idi” adlı qısa metrajlı sənədli film nümayiş etdirildi.
Daha sonra rayon icra hakimiyyəti tərəfindən “Xeyir-şər” evində ulu öndərin ruhuna ehsan süfrəsi açıldı və dualar oxundu.