Yeni inşa edilmiş Ambu kənd tam orta məktəbi istifadəyə verildi
Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovun və Əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Musa Məmmədovun, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ağsaqqalları və sakinlərin iştirakı ilə Ambu kənd tam orta məktəbi üçün yeni inşa edilmiş 180 şagird yerlik yeni binanın açılış mərasimi keçirildi.
Rayon icra hakimiyyəti başçısının birinci müavinini və qonaqları salamlayan rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov tədbiri açıq elan edərək bildirdi ki, Prezident cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da hər il müasir inventar və avadanlıqlarla təchiz olunmuş yeni məktəb binaları tikilərək şagirdlərin istifadəsinə verilir. Son 10 ildə artıq 49-cu məktəbdir ki, açılışına toplaşmışıq. Azərbaycan dövlətinin gücünün bariz nümunəsidir ki, çətin relyefə malik rayonumuzun ən ucqar dağ kəndində belə gözəl, əzəmətli bina tikilib istifadəyə verilir. Yeni məktəblərin hər birində gənclərin sağlam və vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün idman zalları və hərbi kabinetlər müasir standartlar səviyyəsində qurulur.
Daha sonra natiq kənd sakinlərini, məktəb şagirdlərini və müəllimləri yeni binanın açılışı münasibəti ilə təbrik etdi.
Mərasimində Ambu kənd tam orta məktəbinin direktoru Tofiq Səfərov çıxış edərək təhsilə göstərilən dövlət qayğısına və Ambu kəndində müasir tələblərə cavab verən belə gözəl məktəb binasının tikintisinə görə dövlət başçısı cənab İlham Əliyevə kənd ictimaiyyəti adından minnətdarlığını bildirdi. Göstərilən bu diqqət və qayğıya cavab olaraq təhsildə yeni keyfiyyətlərə nail olmaqla etimadı doğruldacaqlarına, pedaqoji işçilər adından söz verdiyini vurğuladı.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxış edərək kənd sakinlərini, məktəb şagirdlərini və müəllimləri yeni binanın açılışı münasibəti ilə təbrik etdi. Son illər cənab Prezidentin rəhbərliyi ilə təhsil nazirliyi tərəfindən Respublikanın bütün regionlarında minlərlə məktəb binasının, o cümlədən Lerik rayonunda 49-cu müasir tələblərə cavab verən yeni məktəb binasının tikintisini qürurverici bir fakt olduğunu bildirdi. Bu məktəb binasında hər bir şagirdin yaxşı oxuması, hər bir müəllimin yeni metodlardan istifadə etməklə yaxşı dərs deməyə borclu olduğunu qeyd etdi, həmişə savadlı insanları ilə seçilən Lerik rayonunda belə olacağına əmin olduğunu vurğuladı.
Rayon icra hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək müəllim və şagirdləri, kənd sakinlərini yeni məktəb binasının istifadəyə verilməsi münasibəti ilə təbrik etdi. Rayon icra hakimiyyəti başçısının təbriklərini çatdırdı. Son illər rayonda əldə olunan uğurları, aparılan tikinti quruculuq işlərini, həyata keçirilən layihələri, cənab Prezidentin qayğı və diqqəti, bilavasitə tapşırığı ilə tikilən yolları, səhiyyə, mədəniyyət və təhsil ocaqlarını, sosial obyektləri diqqətə çatdırdı. Müəllim, şagird və valideynləri bu tarixi binanı həmişə göz bəbəyi kimi qorumağa səslədi. Ötən tədris illərində barmaqla sayılası məzunun ali məktəblərə qəbul olunduğu Ambu kənd tam orta məktəbinin uğurlarının növbəti illərdə daha da çox olacağına əmin olduğunu qeyd etdi. Bunun üçün yeni binada hər cür şərait yaradıldığını bildirdi. Daha sonra natiq bu əlamətdar hadisə münasibəti ilə müəllimləri, şagirdləri və valideynləri təbrik etdi, tikintidə əməyi olan hər kəsə minnətdarlığını bildirdi.
Əlamətdar hadisə münasibəti ilə qurban kəsildi.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış oldular.