Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi
20 noyabr 2015-ci il tarixdə YAP Lerik rayon təşkilatı və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının fəalları iştirak edirdilər.
Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər çiçəklər düzdülər.
Daha sonra Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov açıq elan etdi. Öncə 1991-ci il 20 noyabrda Dağlıq Qarabağda vertolyot qəzasında həlak olmuş dövlət və ictimai xadimlərin, tanınmış elm adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP rayon təşkilatının sədri Elxan Qənbərov “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır” məruzəsi ilə çıxış etdi. Bildirdi ki, 23 il zaman kəsiyi baxımından çox da uzun olmayan bir vaxt ərzində tarixə çevrilən bu illər hər birimizin gözləri qarşısında Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı dövrü kimi canlanmaqdadır. Məhz 23 il öncə 21 noyabr tarixindən YAP möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil oldu və Heydər Əliyevin ideyaları ətrafında birləşən qüvvələrin fəaliyyəti daha da mütəşəkkil xarakter aldı. Cəmiyyətimizdə bu partiyanın yerini müəyyənləşdirən ən başlıca amil Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatına Heydər Əliyev partiyası kimi daxil olması idi.
Ötən əsrin 90-cı ilin əvvəllərində Sovet imperiyasının dağılması ilə xalqımız böyük çətinliklərlə üzləşdi, itkilər verərək dövlət müstəqilliyini bərpa etdi. Ancaq hakimiyyətə yiyələnmiş təsadüfü və bacarıqsız liderlərin səhvləri üzündən qısa müddətdə xalqımız dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Bu zaman yenicə qazanılan dövlət müstəqilliyinin qorunmasını təmin etmək, xalqı düşdüyü çətin vəziyyətdən qurtarmaq üçün bütün ümidlər böyük idarəçilik qabiliyyətinə və zəngin təcrübəyə malik olan Heydər Əliyevə yönəlmişdi. O vaxtkı iqtidar isə onu nəinki qəbul etmir, heç onun Bakıya dönməsinə razı olmurdu. Xalqın böyük əksəriyyətinin tələbi, istəyi və arzusu ilə 91 nəfər tanınmış ziyalı və alimin imzası ilə Heydər Əliyevə müraciət qəbul edildi.
Ümummilli liderimiz, müstəqil Azərbaycan Respublikasının banisi, YAP yaradıcısı, ulu öndərimiz Heydər Əliyevi həmin müraciəti belə xarakterizə etmişdir: «Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması siyasi zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram”.
Dahi şəxsiyyət Heydər Əliyevin 91-in müraciətinə cavabının mətbuatda dərc olunması ilə Yeni Azərbaycan Partiyasının yaranması prosesi başlandı, minlərlə insan taleyini bu partiya ilə bağlamaq arzusunu açıq ifadə etdi. Lakin, heç bir hakimiyyət iddiası nümayiş etdirməyən və qarşısına belə bir məqsəd qoymayan partiyanın təsis konfransının Bakı şəhərində keçirməyə o vaxtkı iqtidar icazə vermədi. Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yarandı. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının yarandığı elan edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
Daha sonra natiq qeyd etdi ki, xalq yeganə ümidini xilaskar kimi ilahi bir qüvvədə, Heydər Əliyevdə görürdü. Heydər Əliyevin 1993-cü ilin iyun ayında böhran içərisində olan Azərbaycana qayıdışından sonra xalqın arzusu və istəyi həqiqətə çevrildi. Ölkədə sabitlik bərpa olundu, cəbhə xəttində atəşkəsə nail olmaqla respublikanın bugünkü inkişafını təmin edən proqram və sənədlər qəbul edildi. Qısa zaman ərzində Beynəlxalq birliyin etimadını qazanan Heydər Əliyev dünyanın iri dövlətlərinin maraqlarını Azərbaycana yönəldə bildi. 1994-cü ilin sentyabrın 20-də dünyada əks səda doğuran neft müqaviləsinin, “Əsrin kontraktının” bağlanması ilə Azərbaycan düşdüyü ağır situasiyadan xilas oldu.
Həmişə müstəqilliyin qazanılmasında, dövlətçiliyin qorunmasında fəallıq nümayiş etdirən vətənpərvər leriklilər də Heydər Əliyevin ideyaları ətrafında sıx birləşərək 1993-cü il sentyabrın 19-da YAP-ın Lerik rayon təşkilatını təsis etdilər.
YAP Lerik rayon təşkilatı keçən dövr ərzində işini partiya sədrinin qarşımıza qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində qurmuş, rayon təşkilatının sıraları daha da möhkəmləndirilmiş, gənclərin partiyaya qəbuluna diqqət artırılmışdır. Hazırda YAP rayon təşkilatı 57 ilk ərazi təşkilatında 3789 nəfər partiya üzvünü özündə birləşdirir. Onlardan 1478 nəfərdən çoxunu, 39 faizini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunanlara vəsiqələrin verilməsi bir qayda olaraq «Heydər Əliyev Mərkəzi»ində və ya tarixi günlərin qeyd olunduğu tədbirlərdə həyata keçirilir ki, bu da gənclərin həyatında yadda qalan iz buraxır.
Respublikamızdakı uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. Bu gün Lerikin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvə olan YAP üzvləri rayonumuzun quruculuq, abadlıq işlərində yaxından iştirak edir, dövlətin və dövlətçiliyin, ictimai-siyasi sabitliyin qorunmasında fəallıq nümayiş etdirirlər.
Daha sonra çıxış edən YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Zamiq Əhədov, YAP rayon təşkilatı idarə heyətinin üzvü Hüseynbala Əliyev YAP-ın çətin şəraitdə yaradılmasını və partiyanın öz fəaliyyətində müstəqillik və dövlətçiliyin qorunmasını, ədalətlilik və humanizmi, dünyəvi prinsipləri, xalqın mənafeyini uca tutduğunu qeyd etdilər.
Sonda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək YAP-ın yaranma tarixi, inkişafı, əldə etdiyi uğurlar barədə məlumat verdi. Məhz 23 il ərzində xalqın tələbi, arzu və istəyi ilə yaradılan və qısa müddət ərzində ədalətli siyasi mübarizə apararaq iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bu gün 700 minə yaxın üzvünün olmasını, lakin Heydər Əliyev siyasi kursunu dəstəkləyənlərin milyonlarla olduğunu bildirdi. 23 il ərzində Respublikanın hər yerində olduğu kimi Lerik rayonunda da əldə olunan nailiyyətləri diqqətə çatdırdı. Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin Lerikə və leriklilərə göstərdiyi xüsusi qayğı və diqqətdən əhalinin həmişə razılıqla danışdığını bildirdi. Bunun bariz nümunəsi kimi, 01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçirilən seçkilərdə YAP tərəfindən irəli sürülən namizədlərin xalqın böyük əksəriyyəti tərəfindən dəstəkləndiyini qeyd etdi.
Tədbirin sonunda YAP-ın yaranmasına həsr olunmuş film nümayiş olundu.