Daha beş kəndə mavi qaz verildi
20 noyabr 2015-ci il tarixdə Livədirqə, Nüsomurya, Qədimkücə, Yuxarı Bilnə və Hıramo kəndlərinə mavi qazın verilməsi münasibəti ilə Livədirqə kəndində tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin rəisi Elçin Məmmədov və rəis müavini İxtiyar Seyfullayev, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Livədirqə kənd ərazi icra nümayəndəsi Davud Manafov qonaqları salamlayaraq bildirdi ki, bu gün ərazimizin əhalisinin böyük sevincinə səbəb olan bir tədbirə - Livədirqə, Nüsomurya, Qədimkücə, Yuxarı Bilnə və Hıramo kəndlərinə mavi qazın verilməsinin açılışına həsr olunmuş mərasimə toplaşmışıq.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz ildən-ilə inkişaf edir, dünya birliyində yerini daha da möhkəmləndirir. Son illər Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin davam etdirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişir, müasirləşir, əhalinin rifah halı daha da yüksəlir. Bakıda keçirilən Beynəlxalq tədbirlər, Forumlar və idman yarışları Azərbaycanı nəinki regional mərkəzə, qlobal dünya xəritəsində mühüm mərkəzə çevirmişdir.
Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Son illər işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir. Bunun bariz nümunəsi kimi ərazimizin Livədirqə kəndində tikilmiş yeni məktəb binası, Mastail kənd məktəbinin əsaslı təmir edilməsi, Mastail, Livədirqə və Murya kəndlərində yeni körpülərin tikilərək istifadəyə verilməsi, Əvilə kənd məktəbi üçün yeni binanın tikintisinə başlanılması, Nüsomurya kəndində veteranlar evinin tikintisi və bu gün ərazimizin bir neçə kəndinə mavi qazın verilməsi dediklərimizə əyani nümunədir. Qısa vaxt ərzində müxtəlif diametrli borularla 300 abonentin evinə qaz xətti çəkilmişdir. Havaların soyuduğu, artıq qışın gəldiyi bir vaxtda kəndlərimizə mavi qazın verildiyinə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, Azərbaycan qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm zəfərlərə doğru inamla addımlamaqda davam edəcəkdir.
Daha sonra kənd ağsaqqalı Abbas Zaidov çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə əhali adından minnətdarlığını bildirdi.
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək kənd sakinlərini təbrik etdi, yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdı.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd sakinlərini əlamətdar hadisə-təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, cənab Prezidentin qayğı və diqqəti ilə son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işlərinin həyata keçirilir. Yollar salınır, yeni məktəblər, səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Bu il rayonun elektrik təsərrüfatında da təmir-bərpa işləri aparılır. Göstərdiyi qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
Sonda rayon İcra hakimiyyəti başçısı Rövşən Bağırovun xeyir-duası ilə ümumilikdə 300 abonenti olan 5 yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən məşəl alovlandırıldı. Kənd sakinləri bu əlamətdar hadisə ilə əlaqədar qurban kəsdilər.