Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd edilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Lerik rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ərazi icra nümayəndəliklərində müxtəlif tədbirlər, ümumtəhsil məktəblərində inşa yazı müsabiqələri, idman yarışları, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə ayrı-ayrı günlərdə ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin, idarə, təşkilat və müəssisələrin kollektivlərinin iştirakı ilə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatların, filmlərin nümayişi və ümummilli liderin siyasi kursu, dövlətçilik fəaliyyətinə həsr olunmuş dəyirmi masalar keçirilmişdir.
2012-ci il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Əvvəlcə Heydər Əliyev meydanında rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ümummilli liderin abidəsi önündə tər gül-çiçək dəstələri qoyuldu.
Konfrans iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunmuş eksponatlara baxış keçirdilər, ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa etdilər.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov “Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi” mövzusunda geniş məruzə etdi.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədr müavini Elman Rəcəbov “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov “Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda məruzə etdilər.