Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Böyük Vətən Müharibəsi və Əmək veteranı Həmzə Şıxəliyevin 100 illik yubileyi qeyd edildi

18 noyabr 2015 | 16:00

Rayon icra hakimiyyəti başçısının sərəncamı şərəfli ömür yolu keçmiş, Böyük Vətən Müharibəsi illərində Mozdokdan Berlinədək döyüş yolu keçmiş Həmzə Mirələm oğlu Şıxəlyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.
      Öncə tədbir iştirakçıları mədəniyyət evinin foyesində yubilyarın həyatı və ictimai-siyasi fəaliyyətini, döyüş yolunu əks etdirən foto və sənədlərdən, dövlət tərəfindən verilmiş orden və medallardan ibarət sərgiyə baxış keçirdilər.
    Sonra Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov Həmzə Şıxəliyevin keçdiyi həyat və döyüş yolu, ictimai fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, 1915-ci ildə Kələxan kəndində anadan olan H.Şıxəliyev 1934-cü ildə orta məktəbi bitirib müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1935-41-ci illərdə Çayrud və Lerik kənd sovetlərində katib, kənd sovetinin sədri vəzifəsində çalışmışdır. 1941-ci ildə ordu sıralarına çağırılan H.Şıxəliyev sıravi əsgərdən kapitan rütbəsinə qədər yüksəlmişdir. 1945-47-ci illərdə Şərqi Almaniyada komendant vəzifəsində çalışmışdır. 1947-ci ildə boya-baş çatdığı rayona qayıdaraq müxtəlif məsul vəzifələrdə çalışmış, 1955-ci ildə kolxoz sədri seçilən H.Şıxəliyev yarım əsrə yaxın təsərrüfat rəhbəri işləmişdir. Müstəqillik illərində də rayonun ictimai işlərində fəallığı ilə seçilmişdir. Rayon Ağsaqqallar Şurasının sədri, eyni zamanda Kələxan bələdiyyəsinin sədri seçilmişdir. Həmzə Şıxəliyev “Lenin”, “Qırmızı Ulduz”, “Oktyabr İnqilabı” ordenləri, 12 adda müxtəlif medallar, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif edilmişdir.
     Daha sonra natiq qeyd etdi ki, H.Şıxəliyevin döyüş yolu, dinc quruculuq və Azərbaycanın müstəqillik illərindəki fəaliyyəti bu günkü gəncliyimiz üçün əsl örnəkdir. Onun bu fəaliyyəti yüksək qiymətləndirilmiş, rayon icra hakimiyyəti başçısının 23 sentyabr 2010-cu il tarixli Sərəncamı ilə Lerik şəhərində küçələrin birinə H.Şıxəliyevin adı verilərək əbədiləşdirilmişdir.
     Yubiley tədbirində  rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov, müharibə veteranı Daşdəmir Paşayev, Prezident təqaüdçüsü, əmək veteranı Musa Bədəlov, ağsaqqal Elxan Nurullayev, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov yubilyarın yaxın qohumu Yusif Şıxəliyev və rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Həmzə Şıxəliyev haqqında xatirələrini bölüşdülər, onun həmişə işgüzarlığı, xeyirxahlığı ilə seçildiyini, elinə-obasına bağlı ağsaqqal, gözəl ailə başçısı olduğunu qeyd etdilər.
      Daha sonra Həmzə Şıxəliyevin oğlu tibb elmləri namizədi Alim Şıxəliyev çıxış edərək son illər ölkə başçısı cənab İlham Əliyevin qayğı və diqqəti, rayon icra hakimiyyəti başçısının rəhbərliyi ilə Lerikdə böyük abadlıq, tikinti-quruculuq işlərinin aparıldığını bildirdi və bütün bunlara, atasına göstərilən yüksək diqqət və ehtirama görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.
   Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirildi, Lerikdən pərvazlanaraq respublikanın ayrı-ayrı şəhərlərində yaşayan tanınmış şəxslərdən, elm adamlarının adından daxil olmuş təbrik teleqramları oxundu.

Keçidlər