Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2015-ci ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş Şuranın geniş iclası keçirildi

21 oktyabr 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2015-ci ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr”lə bağlı Şuranın geniş iclası keçirildi.
    Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin proqram xarakterli giriş və yekun nitqində qeyd olunan məsələlər barədə ətraflı məlumat verdi, dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təmin edildiyini, ölkəmizin ilin doqquz ayını uğurlu göstəricilərlə başa vurulduğunu qeyd etdi.
      Daha sonra rayon icra hakimiyyəti başçısı doqquz aylığın  yekunları ilə bağlı geniş məruzə etdi. Bildirdi ki, keçən 9 ay ərzində də əvvəlki illərdə olduğu kimi rayonumuzda aparılan quruculuq-abadlıq işləri səngiməmiş, şəhərimizin küçələrində, kəndlərimizdə abadlıq işləri davam etdirilmişdir.
      “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə bağlı rayonumuzda bir sıra işlər görülmüş və rayonun sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlərin vaxtında icra edilməsindən ötrü rayon icra hakimiyyəti tərəfindən ayrı-ayrı əlaqədar yuxarı dövlət orqanlarına müraciətlər edilmişdir.
      2015-ci ilin keçən 9 ay ərzində  sahibkarlıq subyektlərində və digər sahələrdə 616 nəfər rayon sakini işlə təmin edilmişdir ki, bunlardan da 336-sı daimi iş yerləridir. III Dövlət Proqramının icrası ilə bağlı 1191 nəfər, ümumilikdə isə Dövlət Proqramlarının icrası ilə bağlı rayonumuzda bu günə kimi 10199 yeni iş yeri açılmışdır. Yeni yaradılan iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.
     Rayonumuz dağlıq relyefdə yerləşdiyindən əhalinin əsas məşğuliyyəti və gəlir əldə etdiyi sahə kənd təsərrüfatıdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı rayonumuzda bir sıra işlər həyata keçirilsə də görülən işlər günün tələbləri səviyyəsində olmamışdır.
     Yeni cins mal qaranın yetişdirilməsi ilə əlaqədar 2015-ci ildə 117 baş heyvanda süni mayalanma aparılmış, keçən ildə daxil olmaqla 156 baş sağlam buzov əldə edilmişdir. 30-dan yuxarı lizinq yolu ilə cins inək fermerlər tərəfindən alınmışdır. İribuynuzlu mal-qaranın baş sayı 36813 baş, keçən ilin müvafiq dövrünə nisbətən 24 baş çox, qoyun və keçilərin sayı 127242 baş, 197 baş çox olmuşdur. Təsərrüfatlarda diri çəkidə 3769,2 ton ət, keçən ilin müvafiq dövrünə nisbətən 385,7 ton çox, 13001,5 ton süd, 71,7 ton çox, 6906 min ədəd yumurta, 2903 min ədəd çox istehsal olunmuşdur.
      2015-ci ilin məhsulu üçün rayon üzrə əkilmiş 1196 hektar sahədən 2332,2 ton və ya keçən ilə nisbətən 376,9 ton çox buğda, 1297 hektar sahədən 17536,5 ton və ya 133,9 ton çox kartof, 295 hektar sahədən 3981,1 ton və ya 13,4 ton çox tərəvəz əldə edilmişdir. Bar verən meyvə bağlarından 714 ton, keçən ilə nisbətən 277,7 ton çox meyvə yığılmışdır. Tərəvəz və meyvə yığımı tam başa çatmamışdır.
     01 oktyabr 2015-ci il tarixədək 1283 hektar, keçən ilə nisbətən 628 hektar çox sahədə herik şumu aparılmış, 310 hektar, keçən ilə nisbətən 153 hektar çox sahədə buğda əkilmişdir. Herik şumunun aparılması davam etdirilir.
      Keçən illər ərzində rayonumuzda yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı bir sıra müsbət işlər həyata keçirilmişdir. 162 yaşayış məntəqəsində yaşayan 14122 ailənin, 39 yaşayış məntəqəsi üzrə 3755 ailənin yaşayış evi qazlaşdırılmış, Livədirqə, Yuxarı Bilnə, Niso Murya, Qədiməkücə və Zəriküməco kəndlərinin qazlaşdırılmasında işlər davam etdirilir. Digər yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İB-i qarşısında məsələ qaldırılmışdır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qarşıdakı aylarda və 2016-cı ildə Hıramo, Mastail, Əvilə, Murya, Durğan, Lərmərud və Nücü kəndlərinin qazlaşdırılması işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
      180 şagird yerlik Pirasora kənd tam orta məktəbi tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmiş, Boykəndil, Əvilə, Ambu kənd məktəblərinin tikintisində işlər davam etdirilir. Yaxın günlərdə Ambu kənd tam orta məktəbinin tikintisi başa çatdırılaraq istismara veriləcəkdir. Uzun illər əsaslı təmir olunmadan istismar edilən və qəza vəziyyətinə düşən Sors kənd məktəb binası rayon təhsil şöbəsi tərəfindən əsaslı təmir olunmuş, tələb olunan avadanlıqlarla təmin olunaraq istifadəyə verilmişdir. Rayonumuzda tam qəza vəziyyətində olan və 2013-cü ildən dərsləri evlərdə və kənddə yerləşən digər binalarda keçirilən Almu və Qələbin kəndlərinin sırasına 2015-ci ildə Sivəkəran kənd məktəbi də daxil olmuşdur. Hər üç məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə təqdim edilmişdir.
      Lerik şəhərində inşa edilən onlarla inzibati idarə binaları, sahibkarlıq subyektləri şəhərimizi günbəgün gözəlləşdirir. Yaxın günlərdə açılışı nəzərdə tutulan, sahibkar tərəfindən inşa edilən 3 mərtəbəli “AccessBANK”-ın rayon filialı həm şəhərimizin memarlığında bir yenilik, həm də əhaliyə bank xidmətinin səviyyəsinin yüksəlməsində bir uğurdur. Bankın fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına və rayon sakinlərinin kredit götürməsindən ötrü Lənkəran, Masallı və digər şəhərlərə gedişinin qarşısının alınmasına şərait yaradacaqdır. İlin axırınadək şəhərimizdə daha iki möhtəşəm binanın, Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən 100 yerlik uşaq bağçasının və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən inşa edilən kənd təsərrüfatı idarəsi üçün inzibati binanın açılışları həyata keçiriləcəkdir.
    Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq rayonda sahibkarlığın inkişafına verilmiş dəstəyin nəticəsidir ki, iş adamları tərəfindən sahibkarlıq subyektlərinin genişləndirilməsi və yenilərinin inşası ilə bağlı işlər davam etdirilmişdir. Yeni ticarət və iaşə obyektləri inşa edilmiş, turizm istirahət əyləncə mərkəzlərində yenidənqurma, genişləndirmə işləri həyata keçirilmişdir. Peştətük kəndində 50 nəfərdən yuxarı rayon sakinini daimi işlə təmin edəcək şirə sexinin, Lerik şəhərində mebel sexinin, çörək zavodunun tikintisində işlər davam etdirilir.
     Sonra natiq rayonun yol-nəqliyyat strukturunda, elektrik təsərrüfatında və digər sahələrdə aparılan təmir-bərpa, abadlıq, tikinti-quruculuq işlərini diqqətə çatdırdı. 
       İclasda maliyyə idarəsinin rəisi Elman Abbasov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev və təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
        Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olundu.
     Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər