Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Pirəsora kənd tam orta məktəbinin yeni inşa edilmiş binası istifadəyə verildi

19 oktyabr 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ağsaqqalları və sakinlərin iştirakı ilə Pirəsora kənd tam orta məktəbi üçün yeni  inşa edilmiş 180 şagird yerlik yeni binanın açılış mərasimi keçirildi.
      Rayon icra hakimiyyəti başçısını və qonaqları salamlayan rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov tədbiri açıq elan etdi. Dövlət himni səsləndirildi.
      Sonra giriş sözü ilə çıxış edən Lerik Rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirov bildirdi ki, Prezident cənab İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı nəticəsində respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da hər il müasir inventar və avadanlıqlarla, tədris ləvazimatları ilə təchiz olunmuş yeni məktəb binaları tikilərək şagirdlərin istifadəsinə verilir. Bu gün artıq 45-ci məktəbdir ki, açılışına toplaşmışıq. Rayonun ən ucqar dağ kəndində, çətin relyefə malik bir yerdə belə gözəl, əzəmətli binanın tikintisi Azərbaycan dövlətinin gücünü bir daha təsdiq edir. Yeni məktəblərin hər birində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə tapşırığı ilə yeni tikilən məktəblərin hər birində gənclərin sağlam və vətənpərvərlik ruhunda tərbiyəsinə nail olmaq üçün  idman zalları və hərbi kabinetlər müasir standartlar səviyyəsində qurulur. Çünki bu gün məktəbdə təhsil alan şagird sabahın əsgəri, zabitidir. Biz inanırıq ki, Ali Baş Komandanın həyata keçirtdiyi uğurlu siyasət nəticəsində işğal altında olan torpaqlarımız qısa zamanda azad olunacaq, belə bayram tədbirləri həmin torpaqlarda keçiriləcəkdir.
     Daha sonra natiq kənd sakinlərin, məktəb şagirdlərini və müəllimləri yeni binanın açılışı münasibəti ilə təbrik etdi.
      Mərasimdə kənd sakinləri adından ağsaqqal Meyxos Hüseynov, Şükür Əhmədov və gənc müəllim Tofiq Ağayev çıxış edərək təhsilə göstərilən dövlət qayğısına və məktəb tikintisinə görə dövlət başçısı cənab İlham Əliyevə razılıq və minnətdarlıqlarını bildirdilər.
     Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək müəllim və şagirdləri, kənd sakinlərini yeni məktəb binasının istifadəyə verilməsi münasibəti ilə təbrik etdi. Dağlar qoynunda yerləşən Pirəsora kəndində belə bir müasir tipli məktəb binasının tikintisində qarşıya çıxan çətinlikləri qeyd etdi, lakin bütün bunlara rəğmən gözəl məktəb binasının artıq açılış mərasiminin keçirildiyini bildirdi. Müəllim və şagirdlərə və valideynlərə bu tarixi binanı həmişə göz bəbəyi kimi qorumağı tövsiyə etdi. Bildirdi ki, ötən tədris ilində 3 nəfər məzunun ali məktəblərə qəbul olunduğu Pirəsora kənd tam orta məktəbinin uğurları artıq növbəti illərdə daha da çox olacaqdır. Bunu üçün məktəbdə hər cür şərait yaradılmışdır.
     Sonra rayon icra hakimiyyəti başçısı birinci sinif şagirdlərinə məktəbli çantaları və dərs ləvazimatları hədiyyə etdi.
     Açılışı bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış oldular.

Keçidlər