Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunda 1941–1945-ci illər müharibəsində Qələbənin 67-ci ildönümü qeyd olunmuşdur

10 may 2012 | 15:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri, müharibə veteranları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündə əklil qoydular. Qarabağ döyüşlərində həlak olanların əziz xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksi və iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüş general-mayor Həzi Aslanovun abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər. Xatirə şəkli çəkdirildi.

Sonra tədbir “Nur” şadlıq sarayında bayram süfrəsi arxasında davam etdirildi.
Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov giriş sözü ilə çıxış etdi. Bildirdi ki, 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu olmuşdur. Azərbaycan övladları istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə fədakarlıqlar göstərmişlər. Ümummilli lider Heydər Əliyevin Böyük Vətən müharibəsi veteranlarına daim diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin davam etdirildiyini qeyd etdi. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il aprelin 30-da 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzaladığını və bunun müharibə veteranlarına göstərilən qayğının təzahürü olduğunu bildirdi.
Faşizm üzərində tarixi qələbənin əldə edilməsində leriklilərin də xidməti az deyildir. 1941–1945-ci illərdə Lerikdən 6500 nəfər müharibəyə yola salınmış, onlardan 1584 nəfəri həlak olmuş, sağ qalmış 4140 nəfərdən 3314 nəfəri müxtəlif dərəcədə yaralanmışdır. 600 nəfərdən çox müharibə iştirakçısı orden və medallarla təltif olunmuşdur. Böyük Vətən müharibəsi veteranlarının yolunu davam etdirən 130 nəfərdən çox lerikli gənc Qarabağ döyüşlərində şəhid olmuş, 5 nəfər lerikli “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Natiq bir daha müharibə veteranlarını bayram münasibəti ilə təbrik etdi və bu tədbirin keçirilməsinə görə rayon icra hakimiyyəti başçısına bütün veteranlar adından minnətdarlığını bildirdi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bayram münasibəti ilə müharibə veteranlarını təbrik etdi, ikinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının da böyük töhfəsi və rolu olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsini, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirdi. 1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibətin də birdəfəlik aradan qaldırıldığını qeyd edən natiq ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini bildirdi. Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqlarının gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırdı. İnşallah belə bir qələbə bayramının yaxın zamanlarda doğma Qarabağımızda keçiriləcəyinə əminliyini bildirdi.

Lerik rayon səfərbərlik və hərbi xidmətə çağırış şöbəsinin rəisi kapitan Elməddin Cəfərov, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov çıxış edərək Qələbə Günü münasibəti ilə müharibə veteranlarını təbrik etdilər. Bildirdilər ki, faşizm üzərində Qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Biz bu Qələbədən çox şey götürməliyik. Xüsusən torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti bizi Böyük Qələbəyə – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə səsləyir.
Daha sonra müharibə veteranları Daşdəmir Paşayev, Ənvər Ağayev, Salam Cabbarov, Şirməmməd Hüseynov çıxış edərək onlara göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onları unutmadığına görə, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyəti başçısına minnətdarlıq ifadə etdilər.
Tədbir rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə bayram süfrəsi arxasında davam etdirildi, rəngarəng musiqi nömrələri səsləndirildi.
Sonda müharibə iştirakçılarına rayon icra hakimiyyəti tərəfindən maddi yardım verildi.
 

Keçidlər