27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib
27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Lerik şəhərində “Şəhidlər” abidə kompleksinin önündə tədbir keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayonun hüquq mühafizə orqanları rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə “Şəhidlər” abidə kompleksi ziyarət edilib, kompleksin qarşısında tər gül-çiçək dəstələri düzülüb.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirib və möhtəşəm qələbə qazanıb.
Bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatı Vasif Qafarov, şəhid anası Sevinc Babayeva, şəhid atası Rəbbil Heydərov, çıxış edərək torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə ediblər.
Sonra Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin və Lerik şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş ədəbi-bədii komposiziya nümayiş etdirilib
27 Sentyabr - Anım Günü münasibətilə saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.