Lerik rayonunun təhsil işçilərinin 2014-2015-ci tədris ilinin yekunlarına həsr olunmuş konfransı keçirildi
2015-ci il sentyabrın 8-də Lerik rayonunun təhsil işçilərinin 2014-2015-ci tədris ilinin yekunlarına həsr olunmuş konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək xatirəsinə ehtiramlarını bildirdilər.
Rayon mədəniyyət evində davam etdirilən tədbirdə rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, ötən dərs ilində rayonun 107 ümumtəhsil müəssisəsində 7677 nəfər şagird təhsil almışdır. Onların təlim-tərbiyəsi ilə 1283 müəllim məşğul olmuşdur. Diqqətə çatdırıldı ki, cari ildə rayonun tam orta məktəblərini 541 nəfər bitirmişdir. Rayon üzrə məzunlardan bu il 116 nəfər ali məktəblərə qəbul olunmuşdur. Onlardan da 15 nəfər qəbul imtahanlarında 500-dən, o cümlədən 6 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Qeyd olundu ki, ötən dərs ilində rayon məktəbliləri zona müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında uğurla iştirak edərək bir sıra nailiyyətlər qazanmışdır. Hesabat məruzəsində həmçinin təhsil müəssisələrində yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən bəhs edildi, qarşıda duran vəzifələr diqqətə çatdırıldı.
Konfransda Lerik Rayon İcra Hakimiyyəti başçısının Monidigah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sulduz Abdullayev, Gürdəsər kənd tam orta məktəbinin müəllimi Vahid Cəbrayılov görülmüş işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşdülər, rayonun təhsil işçilərinə yeni dərs ilində daha yüksək nailiyyətlər arzuladılar.
Lerik şəhər 3 saylı tam orta məktəbinin 2015-ci il məzunu, ali məktəblərə qəbul imtahanlarında 616 bal toplamış Fariz Qənizadə çıxış edərək qazandığı uğurlara görə müəllimlərinə təşəkkürünü bildirdi, bundan sonra da müəllimlərinin və rayonun adını daim ucaldacağını qeyd etdi. Cari ildə ali məktəblərə qəbul imtahanlarında 652 bal toplamış Nazən Əhmədovanın valideyni, Nücü kənd sakini Qaşqay Əhmədov övladının əldə etdiyi nailiyyətlərdə müəllimlərin rolunun böyük olduğunu qeyd etdi, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun şöbə müdiri Elxan Bəylərov konfransda çıxış edərək təhsil sahəsində aparılan islahatlardan söz açdı, məruzə və çıxışlarda səsləndirilən təkliflərə münasibətini bildirərək qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verdi.
Konfransda Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək rayonda təhsilalanlar və təhsilverənlər üçün yaradılmış şəraitdən söz açdı, yeni məktəb binalarının tikilərək müasir inventar və avadanlıqlarla təchiz olunduğunu bildirdi. Qeyd etdi ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında təhsilə yüksək qayğı göstərilir, cənab Prezident özü məktəblərin açılışında iştirak edir. Bu diqqət və qayğı təhsilin inkişafına stimul verir, rayonumuzun pedaqoji kollektivi göstərilən qayğını qiymətləndirməli və onlar göstərilən etimadı layiqincə doğruldulmalıdır.
Daha sonra konfransın qətnaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Sonda tədrisdə fərqlənən bir qrup müəllimə fəxri fərman, bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrə qiymətli hədiyyələr və mükafatlar təqdim olundu.