Daha bir kəndimizə qaz verildi
05 avqust 2015-ci il tarixdə Amburdərə kəndinə mavi qazın verilməsi ilə əlaqədar açılış mərasimi keçirildi. Mərasimdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəisi İbrahim Kərbalıyev, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran regional qaz istismarı idarəsinin rəisi Qismət Əsgərov, rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbiri kənd sakini Cavanşir Heydərov giriş sözü ilə açaraq qonaqları salamladı. Bildirdi ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə respublikanın hər yerində olduğu kimi Lerik rayonunda və onun ən ucqar kəndlərində belə tikinti-abadlıq işləri geniş vüsət almışdır. Qısa zaman ərzində çətin relyefə malik olan dağ kəndlərinə qaz xəttinin çəkilməsi böyük hünər və möhtəşəm hadisədir. Bütün bunlar cənab Prezidentin tapşırığına əsasən həyata keçirilir. Mən ərazimizin ağsaqqallarının, ziyalılarının, xüsusi ilə anaların adından cənab Prezidentə dərin minnətdarlığımızı və razılığımızı bildiririk ki, kəndlərdə artıq bizim sosial-məişət problemlərimiz həll edilir. Yollarımız asfaltlaşdırılır. Əvvəllər saatlarla getdiyimiz yolu indi 20-25 dəqiqəyə gedirik. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Lerik rayonunda da geniş abadlıq və quruculuq işləri uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, içməli su və yollar çəkilir, digər sosial problemlər həll edilir, hər il yeni inşa edilmiş təhsil və səhiyyə müəssisələri istifadəyə verilir.
Daha sonra kənd sakinlərindən müəllim Ağaseyid Məcidov və ağsaqqal Mircavad Kazımov çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəisi İbrahim Kərbalıyev çıxış edərək kənd sakinlərini təbrik etdi, yaxın vaxtlarda digər bir neçə kəndin də qazlaşdırılması işlərinə başlanacağını bildirdi. Yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdı.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd sakinlərini əlamətdar hadisə-təbii qazın verilməsi münasibəti ilə təbrik etdi, ən xoş arzularını çatdırdı. Dövlət Proqramına əsasən son illər Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Daha sonra qeyd etdi ki, cənab Prezidentin qayğı və diqqəti ilə Lerik-Qosmalian-Kəlvəz yolu yenidən tikilmiş, Noda-Şingədulan-Xanagah yolunun tikintisinə başlanılmış və artıq 18 kilometr hissəsi asfaltlaşdırılmışdır. Lerik şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi qurulur. Yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir. Kəndlərimizin qazlaşdırılması istiqamətində xüsusi iş aparılır. Cənab Prezidentin tapşırığına əsasən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Modul tipli elektrik stansiyası inşa olunur, 35 kilovoltluq xətlər və daxili xətlər təmir edilir, yeni transformatorlar qurulur, məftil xətlər sip kabellərlə əvəz olunur. Hazırda 3 kəndimizdə qazlaşdırılma işləri davam etdirilir. Cənab Prezidentin tapşırığı, qayğı və diqqəti ilə rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
Sonda rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırov kənd ağsaqqalı Pirverdi Mirzəyevlə birgə təbii qaz verilməsini bildirən məşəli alışdırmışdır.