Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirminci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

09 may 2012 | 15:00

Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov açdı. Öncə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə və Qarabağ Müharibəsində şəhid olan soydaşlarımızın xatirəsi sükutla yad edildi. Daha sonra natiq bildirdi ki, 20 il bundan əvvəl, 1992-ci il mayın 8-də ölkəmizin dilbər guşələrindən biri olan, Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhəri beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.
Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
Daha sonra natiq qeyd etdi ki, XX əsrdə Şuşanın bir kurort şəhəri kimi inkişafında Azərbaycan xalqının umummilli lideri Heydər Əliyevin boyuk əməyi olmuşdur. Belə ki, H. Əliyev Azərbaycan KP MK-nin birinci katibi təyin olunduqdan sonra Şuşanın inkişafı ilə əlaqədar bir sıra qərar və sərəncamlar imzalamışdır ki, (Azərbaycan AP MK və Azərbaycan Nazirlər Sovetinin 360 nomrəli 4 noyabr 1976-cı il tarixli «Şuşa şəhərində kurort kompleksinin daha da inkişaf etdirilməsi sahəsində tədbirlər haqqında» qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli 280 nomrəli «Bakı şəhərində «İcəri şəhər»in və Şuşa və Ordubad şəhərlərinin tarixi hissələrinin tarix-arxitektura qoruqları elan edilməsi haqqında» qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 10 dekabr 1981 - ci il tarixli 629 nomrəli «Şuşa şəhərində Şəkil Qalereyasının yaradılması haqqında» sərəncamı,) bunlar da şəhərin sosial-iqtisadi və mədəni inkişafında muhum rol oynamışdır.
Çox təəssüf ki, XX əsrdə ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsi kimi qədim Şuşa şəhəri də işğal edilərək talan edildi. Bütün bunların əsl səbəbi isə SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi idi.
Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov ilk addım olaraq onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ barədə Sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümüd etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunk” (“Durna”) açıq işə keçdi, “Miatsum” (“Birləşmə”) hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistan, Dağlıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı.
Rayon icra hakimiyyəti başçısı bildirdi ki, xalqımıza qarşı zaman-zaman törədilən bu vəhşilik və vandalizm aktları cavabsız qalmayacaq. Ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində nəinki, Şuşa şəhəri, işğal altında olan bütün ərazilərimiz azad olunacaq. Buna həm beynəlxalq aləmdə artan nüfuzumuz, həm də gündən-günə güclənən Milli Ordumuz təminat verir.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsinın – Dağlıq Qarabağın, o cümlədən Şuşa şəhərinin tarixi, həmin ərazilərin beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə dair məruzə etdi.
Məruzə ətrafında Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev, rayon prokuroru Salman Səmədov, rayon səfərbərlik və hərbi xidmətə çağırış şöbəsinin rəisi kapitan Elməddin Cəfərov çıxış edərək, Azərbaycanın getdikcə qüdrətli dövlətə çevrildiyini, beynəlxalq mövqelərinin gücləndiyini, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyini bildirdilər.
 

Keçidlər