Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Gənclərin həqiqi hərbi xidmətə yola salınması ilə bağlı mərasim keçirildi

01 iyul 2015 | 15:00

2015-ci il iyulun 1-də Lerik şəhərində gənclərin hərbi xidmətə yola salınması ilə bağlı mərasim keçirildi.
      Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində keçirilən tədbirdə çağırışçılarla yanaşı, rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, müharibə veteranları, valideynlər də iştirak edirdilər.
      Tədbir iştirakçıları öncə Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət etdilər, abidə önündə gül dəstələri düzdülər.
      Tədbiri giriş sözü ilə Hüsaməddin Abbasov açaraq çağırışçıları və valideynləri təbrik etdi və çağırışçılara Vətənə müqəddəs borcun  şərəflə yerinə yetirilməsində uğurlar arzuladı.
      Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi mayor Fəxrəddin Mirzəliyev məruzə ilə çıxış edərək ordu quruculuğu sahəsində son illərdə Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində respublikamızın regionda ən güclü orduya malik ölkəyə çevrildiyini qeyd etdi. Son illər ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırdı. F.Mirzəliyev  xidmətə yola salınan gənclərin ordu sıralarında Vətənə ləyaqətlə xidmət edəcəklərinə ümidvar olduğunu bildirdi. Cənab Prezidentin sərəncamı ilə həyata keçirilən həqiqi hərbi xidmətə çağırış kompaniyasının həmişə Lerikdə uğurla başa çatdırıldığını, gənclərimizin həvəslə ordu sıralarına getdiyini vurğuladı.
       Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və  Şəhid  Ailələri İctimai Birliyi Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov, çağrışçı valideyni Habil Məlikov, Lerik şəhər məscidinin axundu Hacı İlham Əliyev gənclərə xeyir-dua verdilər, onların hərbi vəzifələrə vicdanla və məsuliyyətlə yanaşmalarını tövsiyə etdilər.
      Çağırışçılar adından çıxış edən Azər Dadaşzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyə  getməyi  özlərinə borc və şərəf bildiklərini, öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini, Ali Baş Komandan cənab İlham Əliyevin əmri olarsa torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olacaqlarını qeyd etdi. Xidmət etdikləri dövrdə komandirlərin əmrlərini yerinə yetirərək həmişə Lerikin adını uca tutacaqlarını bildirdi.
      Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hərbi xidmətin hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğuladı, gəncləri Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırdı. O, ümummilli liderimiz Heydər Əliyevin  gərgin əməyi nəticəsində yaradılan Milli Ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin gündən-günə gücləndirilməsi istiqamətində son illər cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirləri, zabit və əsgərlər üçün yaradılan şəraiti qeyd etdi. Bildirdi ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmiş və o, hazırda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək qabiliyyətindədir. Ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirən rayon icra hakimiyyətinin başçısı həqiqi hərbi xidmətə yola düşən gənclərə uğurlar arzuladı.
      Mərasim konsert proqramı ilə davam etdirildi.
      Çağırışçılar Azərbaycan Respublikasının Dövlət bayrağını öpərək hərbi hissələrə yola düşdülər.

Keçidlər