Rayon icra hakimiyyətində müşavirə keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında taxıl biçini ilə bağlı kənd ərazi icra nümayəndələrinin, bələdiyyə sədrləri və mexanizatorların iştirakı ilə müşavirə keçirildi.
Müşavirəni rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov açaraq ölkə Prezidenti tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunduğunu qeyd etdi. Bildirdi ki, möhtərəm Prezident bütün sahələrə olduğu kimi aqrar sahəyə də böyük diqqət və qayğı göstərir. Taxıl əkini və biçini ilə bağlı məhsul istehsalçılarına ildə iki dəfə subsidiyaların verilməsi və bu il bu subsidiyaların 25 faiz artırılması buna əyani nümunədir. Sonra taxılın itkisiz və vaxtında yığılması ilə bağlı müvafiq tapşırıqlar verdi və taxıl biçininin gedişi ilə bağlı operativ məlumatların vaxtlı-vaxtında rayon icra hakimiyyətinə verilməsinin vacibliyini qeyd etdi.
Daha sonra rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Vüqar Mirzəyev geniş məlumatla çıxış etdi. Bildirdi ki, 2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün 1196 ha sahədə payızlıq əkin aparılmışdır. Bunun 1173 ha payızlıq buğda, 12 ha payızlıq arpa, 11 ha payızlıq çovdardır. Hal-hazırda biçin kompaniyası gedir. Şingədulan ərazisində 120 ha, Əliabad ərazisində 30 ha, Livədirqə ərazisində 20 ha sahə biçilmişdir. 5 ədəd kombayn biçinə cəlb edilmişdir. Ancaq bu tələbatı ödəmir. Lənkəran “Aqroservis” müəssisəsindən əlavə kombaynların biçinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.
Sonda ərazi icra nümayəndələri və bələdiyyə sədrləri biçin kompaniyasının gedişi barədə məlumat verdilər. Qarşıya çıxan problemlərin həll edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etdilər.