Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi

12 iyun 2015 | 15:00

2015-ci il iyunun 12-də rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
     Tədbiri Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov giriş nitqi ilə açaraq bildirdi ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olmuşdur. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.
     1993-cü ildə ölkə həyatının bütün sahələrini bürümüş anarxiya, xaos, kəskin ictimai narazılıqlar son həddinə çatmışdı. Bu dövrdə respublikada separatçılıq meyilləri tüğyan edir, bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qalırdı.
     Bu həlledici mərhələdə xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşdi və bununla Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi addımlamasına əsaslı təminat yaratdı. Bu gün də ümummilli liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı yönələn təxribatların qarşısını məharətlə almaqla yanaşı, həm də dövlət quruculuğunu möhkəmlətmək və inkişaf etdirmək işinə rəhbərlik edir, bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasında böyük məharət və bacarıq göstərirdi. 1995-ci ildə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi və onun əsasında demokratik parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu sahəsində yeni mərhələ başlandı.
     Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli iclasında Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdış gününü Azərbaycan xalqının və müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirərək, Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətlərini qeyd edərək 15 iyun gününü Azərbaycan Xalqının Milli Qurtuluş Günü elan etdi.
     Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı – xalqımızın milli qurtuluşu sayəsində bu gün Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ötən illərə nəzər salaraq tam qətiyyətlə demək olar ki, cənab İlham Əliyev ulu öndərin ideyalarını böyük əzmkarlıqla həyata keçirmişdir.
     Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə əlaqədar geniş məruzə etdi.
Məruzə ətrafında Lerik peşə məktəbinin direktoru, qabaqcıl təhsil işçisi Hüseynbala Əliyev, rayon təhsil şöbəsinin metodisti, tarixçi Qafur Xosiyev, Lerik şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi Şəhla Məmiyeva çıxış etdilər.
     Yekun nitqi ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bugünkü inkişafı, əldə olunan sosial-iqtisadi uğurları həmin tarixi günün bəhrələri kimi dəyərləndirərək Azərbaycan xalqının bundan sonra da ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşəcəyinə, xalqımızın qəlbən inandığı və siyasətini bəyəndiyi liderin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəyinə əmin olduğunu bildirdi, bu gün “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyini diqqətə çatdırdı, bu tarixi hadisə münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.

Keçidlər