Lerik rayonunda Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun xatirə günü münasibəti ilə tədbir keçirilmişdir
Tədbir iştirakçıları ilk öncə Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlipənah Bayramov açdı.
Bildirdi ki, bu gün Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Valeh Müslümovun şəhid olmasından 20 il ötür. Mənfur düşmənlərimizin xalqımıza, dövlətimizə qarşı əsassız torpaq iddiaları nəticəsində alovlanan Dağlıq Qarabağ müharibəsində ürəyi Vətən eşqi ilə döyünən minlərlə igid oğullarımız kimi Valeh də torpaqlarımızın müdafiəsinə qalxmışdı.
Valeh Əlizahid oğlu Müslümov 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olmuşdur. 1983-cü ildə Lerik şəhər 2 saylı orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhər 17 saylı peşə məktəbinə daxil olmuşdur. Valeh burada təhsil aldığı zaman həm də idmanla məşğul olmuşdur. Əmək fəaliyyətinə tikinti trestində başlamışdır. 1986–1988-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1988-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən Sumqayıt şəhərinə qayıdır. 1991-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. O, Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində döyüşlərdə iştirak edir. Füzuli rayonunda döyüş əməliyyatlarının birində düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarının cəsədlərini götürmək üçün həyatını riskə atır. Döyüşdə öz cəsurluğu, qorxmazlığı və igidliyi ilə hamının məhəbbətini qazanan Valeh Müslümov 1992-ci ilin aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan kəndi uğrunda gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Düşmənlə qeyri-bərabər döyüşdə şəhid olan və yaralanan 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya aparmışdır. O, axırıncı yoldaşını xilas edərkən aldığı ağır yaradan şəhidlik zirvəsinə ucalmışdır. Valeh 20 il öncə – 1992-ci il aprelin 10-da uğrunda canını belə əsirgəmədiyi Vətən torpağında torpağa tapşırıldı.
Onun bu igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də məhz Valeh Müslümov olmuşdur.
Şəhid olmasından 20 il keçməsinə baxmayaraq, onun xatirəsi həmişə qəlbimizdədir. Onun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Lerik şəhərinin küçələrindən birinə və təhsil aldığı orta məktəbə onun adı verilmiş, büstü ucaldılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün bütün şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olan insanlara yüksək qayğı göstərilir, onların sosial-məişət problemlərinin həllinə nail olmaq üçün kompleks tədbirlər həyata keçirilir. Hər il onlarla çoxmənzilli binalar, fərdi yaşayış evləri tikilib onların istifadəsinə verilir. Hər bir şəhid ailəsinə xüsusi təqaüd təyin olunmuş, hər birinin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər bu gündə davam etdirilir.
Şəhidlik zirvəsinə ucalmasının 20-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin dəstəyi ilə onun adını daşıyan məktəbdə qəhrəmanın xatirə muzeyi yaradılmışdır. İnanırıq ki, Valeh Müslümovun adını daşıyan məktəbdə təhsil alan şagirdlərimiz bu muzeydə qəhrəmanımızın keçdiyi döyüş yolu haqqında məlumat almaqla onun kimi vətənpərvər və igid olmağa çalışacaqlar.
Azərbaycanın bütün Milli Qəhrəmanları, o cümlədən Valeh Müslümov, ümumiyyətlə, torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmamalıdır. Belə tədbirlər bütün təhsil, mədəniyyət müəssisələrində keçirilməlidir. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi məqsədi ilə belə tədbirlərin sayı artırılmalıdır. Onların doğum və xatirə günləri qeyd olunmalı, xatirələrinə həsr olunmuş müxtəlif idman yarışlarının və digər tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.
Tədbirdə Lerik rayon prokuroru Salman Səmədov, Lerik Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin rəisi kapitan Elməddin Cəfərov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, ağsaqqal Ağaxan Babayev, jurnalist Hüsaməddin Abbasov çıxış edərək, Milli Qəhrəmanın keçdiyi döyüş yoluna nəzər saldılar, Valeh Müslümovun həyatının bütün gənclər üçün nümunə olduğunu qeyd etdilər. Ölkəmizdə dövlət başçısının tapşırığı ilə keçirilən belə tədbirlərin tarixi əhəmiyyət daşıdığını, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını bildirdilər. Qeyd olundu ki, hər bir kəs Azərbaycanın Milli Qəhrəmanlarını tanımalı, onları təbliğ etməlidir.
Milli Qəhrəmanın atası Əlizahid Müslümov çıxış edərək, göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirdi. Oğlunun xatirəsini əziz tutulması üçün rayonda onun büstünün qoyulması, məktəbə, küçəyə adının verilməsi, məktəbdə xatirə muzeyinin yaradılmasına görə ailəsi adından minnətdarlığını bildirdi.
Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək bildirdi ki, Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Valeh Müslümov bütün Azərbaycan xalqının oğludur: “Hər birimiz belə qəhrəmanları yad etməli, onların xatirəsini bu cür yüksək səviyyəli tədbirlərlə təbliğ etməliyik. “Torpaq, uğrunda ölən varsa, Vətəndir”, – deyiblər. İşğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində üzərimizə düşən vəzifəni şərəflə yerinə yetirib, lazım gələrsə, şəhidlik zirvəsinə ucalmağı da bacarmalıyıq. Amma qəhrəmanlıq hər bir kəsə nəsib olmur. Əlizahid müəllim çıxış edəndə kövrəldi. Amma mən ona deyə bilərəm ki, o, Valehlə fəxr etməlidir. Çünki bu gün bizim, Sizin, hər bir leriklinin fəxr etdiyi bir gündür. Rayon icra hakimiyyəti tərəfindən Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində yaradılmış xatirə muzeyi burada təhsil alan gənclərimiz üçün bir ziyarətgah olmalıdır”.
Sonra Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində Xatirə muzeyinin açılış mərasimi keçirildi. Tədbir iştirakçıları Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış oldular.
Daha sonra Milli Qəhrəmanın yaxınları və bir qrup tədbir iştirakçısı tərəfindən şəhidin məzarı ziyarət olundu, qəbri üstünə tər qərənfillər qoyuldu.