Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Faşizm üzərində Qələbənin 70 illiyi qeyd edildi

07 may 2015 | 15:00

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, Milli Məclisinin deputatı İqbal Məmmədovun, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə 1941–1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri və müharibə veteranları ilə görüş keçirildi.
    Öncə tədbir iştirakçıları Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini ziyarət edərək, abidə önündə gül dəstələri düzdülər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət etdilər.
     Sonra müharibə iştirakçıları ilə görüş Lerik rayonu “Nur” şadlıq sarayında çay süfrəsi arxasında davam etdirildi.
     Tədbirdə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Lerik rayon təşkilatının sədri Hidayət Bəşirov çıxış edərək 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu, Azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə geniş məlumat verdi. Bildirdi ki, bu tarixi qələbənin əldə edilməsində leriklilərin də xidmətləri az olmamışdır. 1941–1945-ci illərdə Lerik rayonundan 6500 nəfər cəbhəyə yola salınmış, onlardan 1584 nəfər həlak olmuş, 3314 nəfər müxtəlif dərəcədə yaralanmışdır.
   Daha sonra natiq əbədiyaşar Prezidentimiz, ulu Öndər Heydər Əliyevin Böyük Vətən müharibə veteranlarına daim diqqət və qayğı göstərdiyini və bu kursun cənab Prezident tərəfindən davam etdirildiyini qeyd etdi, bu qayğı və diqqətə görə veteranlar adından minnətdarlığını bildirdi.  
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək bayram münasibəti ilə müharibə veteranlarını təbrik etdilər. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolunun olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildirdilər.
      Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini və Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırdılar.
      Daha sonra müharibə veteranlarından Daşdəmir Paşayev, Salam Cabbarov və başqaları çıxış edərək faşizm üzərində qazanılmış qələbə ilə Azərbaycan xalqının da fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildirdilər. Qeyd etdilər ki, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığının bayram edilməsi, oğul və qızlarımızın göstərdiyi rəşadətin təbliği gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.  
    Veteranlar onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, onları unutmadığına, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə etdilər.
   Sonda müharibə iştirakçılarına rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Qələbənin 70 illiyi münasibəti ilə xatirə medalını və Milli Məclisin deputatı İqbal Məmmədov hədiyyələr təqdim etdilər.
      Rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə Faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibəti ilə müharibə və bir qrup arxa cəbhə iştirakçısına maddi yardım verildi.
      Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Nəsimi Məmmədov iştirak edirdi.
      Bayram tədbiri rayon mədəniyyət kollektivinin rəngarəng musiqi nömrələri ilə davam etdirildi.

Keçidlər