Böyük Vətən müharibəsi iştirakçısı Daşdəmir Paşayevin 90 illik yubileyi qeyd edildi
02 may 2015-ci il tarixdə rayon mədəniyyət evində Lerik Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Böyük Vətən müharibəsi iştirakçısı, istefada olan polis polkovnik-leytenantı Daşdəmir Paşayevin 90 illik yubileyi qeyd edildi.
Mərasim iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində yubilyarın həyatı və ictimai fəaliyyətini əks etdirən fotostendlə tanış oldular.
Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov yubilyarın həyatı və ictimai fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Yubiley tədbirində rayon Polis Şöbəsinin rəisi Hüseynəli Məlikov, Veteranlar şurasının sədri Hidayət Bəşirov, ağsaqqal Qəhrəman Əliyev, Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, qonşusu Akif Əliyev, Daxili İşlər Nazirliyinin əməkdaşı Üzeyir Məmmədov, Əməkdar müəllim Gültəkin Şıxəliyeva, həmkəndliləri adından Ümidvar Kəlbiyev və başaqları çıxış edərək Daşdəmir Paşayev haqqında xatirələrini bölüşdülər. Böyük Vətən müharibəsinin odlu-alovlu yollarından keçmiş, həyatının 35 ilini xalqa və Vətənə xidmət etmiş D.Paşayevin həmişə saf əqidəsi ilə seçildiyini, bu gün də rayonun ictimai həyatında fəal iştirak etdiyini bildirdilər, onu həm də sadiq dost, elinə-obasına bağlı ağsaqqal, gözəl ailə başçısı kimi xarakterizə etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Böyük Vətən müharibəsi iştirakçısı, uzun illər polis orqanlarında çalışmış Daşdəmir Paşayevin 90 illik yubileyinin keçirilməsini Prezident cənab İlham Əliyevin müharibə veteranlarına, ağsaqqallara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırdı. Daşdəmir Paşayevin rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildiyini bildirdi və Fəxri Fərmanı yubilyara təqdim etdi. Yubilyara uzun ömür, cansağlığı arzuladı.
Tədbirdə şeirlər səsləndirildi, yubilyara ünvanlanmış təbrik teleqramları oxundu.
Sonda yubilyar çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və rayon icra hakimiyyəti başçısına minnətdarlığını bildirdi.