Bakı-2015” birinci Avropa Oyunlarının məşəli Lerikdə
01 may 2015-ci il tarixdə Lerik şəhərinin giriş qapısında Lənkərandan gətirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi keçirildi.
“Bakı-2015” birinci Avropa Oyunlarının rəmzi qapısında lerikli idmançı Rafiq Əliyev məşəli qəbul etdi.
On məşəlçi ilə yürüş davam etdirildi. Məşəldarlar Rafiq Əliyev, Elşən Ağayev, Mübariz Muradov, Samir Salayev, Baləli Rzayev, Cavid Seyfullayev, Zaur Səfərov, Natiq İsaqov, Zamiq Əhədov, İlham Zülfüyev 1,5 km məsafədə məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Nəriman Nərimanov küçəsi ilə hərəkət edərək Heydər Əliyev Meydanına çatdırdılar.
Birinci Avropa Oyunlarının Məşəlini Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi İlham Zülfiyev Heydər Əliyev Meydanında qurulmuş səhnəyə qaldırdı.
Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi İlham Zülfiyev “Bakı-2015” birinci Avropa Oyunlarının Məşəlinin Alovu ilə səhnədəki məşəl kasasını alovlandırdı. Belə möhtəşəm tədbirin Lerik rayonunda keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya bütün leriklilər adından minnətdarlığını bildirdi.
Daha sonra təşkilat komitəsinin əməkdaşı tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzi çırağı Məşəlin Alovu ilə yandırılaraq Avropa Oyunları başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verildi.
Mərasimdə aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində “Bakı-2015” birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Birinci Avropa Oyunlarının Məşəli Lerik şəhərindəki Uzunömürlülər Muzeyində nümayiş etdirildi, uzunömürlülərlə xatirə şəkli çəkdirildi. Yürüş iştirakçıları muzeydəki eksponatlarla tanış oldular.
Birinci Avropa Oyunlarının alovu Lerikdən Astara rayonuna aparıldı.