Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir

31 mart 2012 | 15:00

Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov açdı. Bildirdi ki, 94 il əvvəl – 1918-ci il martın 31-dən aprelin 2-dək Bakı şəhərində hakimiyyətdə olan daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilmişdir. Lakin uzun müddət bütün bu hadisələr tarixi saxtakarlığa məruz qalmışdır. 1918-ci ilin mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Azərbaycan Respublikası Prezidentinin “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli 656 nömrəli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli 690 nömrəli fərmanları bu baxımdan mühüm əhəmiyyətli sənədlər oldu. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli 690 nömrəli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımların rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Azərbaycan xalqının başına gətirilən bu müsibətlər unudulmamalı, bütün bunlar olduğu kimi dünya ictimaiyyətinə çatdırılmalı və beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməlidir. Bu gün Azərbaycan dövlətinin rəhbərliyi bu istiqamətdə məqsədyönlü iş aparır. Bunun nəticəsidir ki, artıq dünyanın bir sıra dövlətlərinin parlamentləri, o cümlədən Meksika Senatı, Pakistan Senatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasətinin pisləndiyi, Dağlıq Qarabağda, Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi qeyd olunan qətnamələr qəbul etmişlər. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının böyük rolu olmuşdur.

Rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov 1918-ci il Mart soyqırımları barədə məruzəsində bildirdi ki, əsrlər boyu erməni millətçiləri Azərbaycan torpaqlarında “Dənizdən-dənizə Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olmuş, bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış və bəşəriyyətdə analoqu olmayan vəhşiliklər törətmişlər. Xüsusilə XIX–XX əsrlərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaqla, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək idi. XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905–1907-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948–1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi – bütün bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin qanlı səhifələridir.
1918-ci ilin Mart qırğınları XX əsr Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olmaqla xalqımıza qarşı törədilən qanlı faciə və soyqırımdır. 1918-ci il Mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür.
Bu soyqırım aktları həmin dövrlərdə Azərbaycanın digər bölgələrində: Qubada, Şamaxıda, Göyçayda, Lənkəranda, Qərbi Azərbaycan ərazisində də törədilmişdir.
Mənfur erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri ört-basdır etmək və unutdurmaq, qondarma “Erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması, eləcə də beynəlxalq ictimaiyyətin Azərbaycan və türk xalqına qarşı həyata keçirilmiş soyqırım və deportasiya siyasəti ilə bağlı məlumatlandırılması, bütün bu faciələrə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi sahəsində göstərilən səylərin artırılması ən aktual vəzifələrimizdən biridir. Bütün bunlar gələcək nəslə çatdırılmalı, torpaqlarımızın azad edilməsi istiqamətində ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasət hər bir vətəndaş tərəfindən dəstəklənməlidir.

Məruzə ətrafında rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev çıxış edərək, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım siyasətinin tarixi kökləri barədə ətraflı məlumat verdilər, xalqımıza qarşı törədilmiş bütün bu cinayətlərin beynəlxalq miqyasda tanınması üçün Azərbaycan dövlətinin hər bir vətəndaşının bu istiqamətdə fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğuladılar. Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində torpaqlarımızın tezliklə azad olunacağı və şəhidlərimizin qisasının alınacağı gününün heç də uzaqda olmadığına əminliklərini bildirdilər.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov yekun sözü ilə çıxış etdi.
 

Keçidlər