Vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Kirəvud kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, cənab Prezidentin tapşırığı əsasında keçirilən səyyar görüş-qəbullarda idarə, təşkilat və müəssisə rəhbərləri ilə birlikdə əhalini narahat edən məsələləri yerində dinləyir və həlli mümkün məsələlərin icrası istiqamətində müvafiq tədbirlər həyat keçiririk.
Sonra rayon icra hakimiyyəti başçısı cənab Prezidentin diqqət və qayğısı ilə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikamızın hər yerində olduğu kimi rayonumuzda da tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını diqqətə çatdırdı. Bildirdi ki, cənab Prezidentin sərəncamı ilə tikilən və Kirəvud ərazi icra nümayəndəliyinə daxil olan kəndlərin də müntəzəm istifadə etdiyi 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun 20 km-i asfaltlaşdırılmış və yolun digər hissəsində isə tikinti işləri davam etdirilir. İnfrastruktur sahəsində görülən işlər ərazinizə də təsir göstərir. Ordahal kəndi təbii qazla təmin olunmuş, digər kəndlərin də qazlaşdırılmasına başlanacaqdır. Rayonda qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binalar tikilməkdə davam edir. Sizin təklifləriniz əsasında Aran və Buruq kəndlərində ümumi orta məktəblər üçün yeni bina tikilərək istifadəyə verilmişdir. Boykəndil kənd tam orta məktəbi üçün tikilən yeni binada işlər sürətlə davam etdirilir. Elektrik xətlərində imkanlarımız daxilində təmir-bərpa işləri aparılmışdır. Əhalini narahat edən müəyyən problemlər də bizə məlumdur. Bu problemlərin aradan qaldırılması üçün mütəmadi iş aparılır. Elektrik təsərrüfatındakı mövcud problemləri bilirik. Bildiyiniz kimi bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə yeni qurum “Azərişıq” səhmdar cəmiyyəti yaradılmışdır. Onların nümayəndələrini qəbul etmişəm. Bildirirlər ki, böyük işlər görəcəklər. Əhali istifadə etdiyi elektrik enerjisinin haqlarını vaxtında ödəməlidir. Bu istiqamətdə bələdiyyə, ziyalılar maarifləndirmə işləri aparmalıdır.
Daha sonra kənd sakinləri dinlənildi. Səyyar görüş-qəbulda vətəndaşlar bir sıra məsələlərin – ərazidə qaz xəttinin çəkilişi, içməli su təminatının yaxşılaşdırılması, körpü tikintisi, kəndara yolların təmiri, işlə təmin olunmaq, zəbt olunmuş torpaq sahələrinin asudələşdirilməsi, meşələrin qırılmasının qarşısının alınması və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.