Blaband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Blaband kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, cənab Prezidentin tapşırığı ilə artıq ənənə halını almış səyyar görüş-qəbullarda bir neçə dəfə sizlərlə görüşmüşük. 2015-ci ildə Blaband kəndində ilk səyyar qəbulumuz keçirilir.
Daha sonra rayon icra hakimiyyəti başçısı son illər Prezident cənab İlham Əliyevin qayğı və diqqəti ilə Respublikada və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat verdi. Bildirdi ki, son 11 ildə cənab Prezidentin rəhbərliyi ilə inkişaf edən Azərbaycanın hər bir regionu kimi rayonumuz da gündən-günə dəyişir, gözəlləşir. Yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində mühüm tədbirlər həyata keçirilir. Blaband ərazisində Dövlət Proqramının uğurlu icrası nəticəsində bir sıra işlər görülmüşdür. Barzavu və Şinəband kəndlərində yeni məktəb, Blaband Barzavu və Osnağakücə kəndlərində həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Ərazinin bütün kəndləri qazlaşdırılması başa çatdırılmışdır. Hazırda Ambu kəndində yeni məktəb binası tikilir. Ötən il sizlərin müraciəti əsasında Blaband və Xəlifəkücə kəndlərinə gedən kəndara yolları asfaltlaşdırılmışdır. Gələcəkdə də ərazinin sosial problemlərinin həlli istiqamətində tədbirlər görüləcəkdir.
Sonra vətəndaşlar dinlənildi. Səyyar görüş-qəbulda Blaband kənd sakinləri Əliyev Mirzəli, Həsənov Suanverdi, Əliyev Rəsul, Ambu kənd sakinləri Səfərov Tofiq, və başqaları Lerikdə son illər aparılan tikinti-quruculuq və abadlıq işlərinə, ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Vətəndaşlar bir sıra məsələlərin – kənddə transformatorun təmirini, telefon xətlərinin yeni kabellə əvəzlənməsini, içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə artezian quyusunun qazılmasını, kəndara yollarına çınqıl döşənməsini və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.