Naxçıvanlı şagirdlər Lerikdə
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikasını təmsil edən bir qrup şagird və müəllim Lerik rayonunda olmuşlar.
Qonaqları Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, müəllimlər, şagirdlər, ictimaiyyətin nümayəndələri mehribanlıqla qarşıladılar.
Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, abidənin önündə Azərbaycan Respublikasının Dövlət Himnini oxudular. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular. Bələdçi tərəfindən həm muzeydəki eksponatlar, Heydər Əliyevin həyat və fəaliyyəti və rayon haqqında qonaqlara ətraflı məlumat verildi. Eyni zamanda “Uzunömürlülər” muzeyində və rayon tarix-diyarşünaslıq muzeyində olan tur-aksiya iştirakçıları rayonun tarixi keçmişi, adət-ənənələri ilə tanış oldular.
Daha sonra rayon mədəniyyət evinin foyesində son illər rayonda aparılan tikinti-quruculuq işlərini əks etdirən foto-sərgiyə baxış keçirən qonaqları çay süfrəsi arxasında Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev salamlayaraq cənab Prezidentin tapşırığı əsasında reallaşdırılan bu aksiyanın əhəmiyyətini vurğuladı, gələcəyimiz olan gənclərin respublikamızın hər bir guşəsinin yaxından tanımasının onların dünyagörüşündə və gələcək fəaliyyətlərində müsbət rolunu qeyd etdi. Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, rayonda görülmüş işlərdən danışan natiq gənclərə xoş istirahət və uğurlar arzuladı.
Sonra məktəblilər “Relax” turizm və istirahət mərkəzində yaradılan şəraitlə tanış olmuş, istirahət mərkəzində təşkil olunmuş əyləncəli proqramda bilik və bacarıqlarını nümayiş etdirmişlər.