23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Lerik şəhərində Azərbaycan xalqının ulu öndəri, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür, uğurlu islahatlar aparılır.
Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir. Bu il bayram ərəfəsində cənab Prezidentin sərəncamı ilə təltif edilmiş dövlət qulluqçularının siyahısında rayon icra hakimiyyəti başçısı başçısı aparatının əməkdaşının adının olması və onun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi rayonda çalışan dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü"nə həsr olunmuş geniş məruzə ilə çıxış edib.
Tədbirdə təqaüddə olan dövlət qulluqçularından Elxan Nurullayev, Elxan Qənbərov, Ələkbər Kərimov və YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik ediblər, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar təqdim edilib.