“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları Lerik rayonunda olmuşlar
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikasını təmsil edən bir qrup məktəbli Lerik rayonunda olmuşdur.
Məktəbliləri Heydər Əliyev meydanında rayonun rəhbər işçiləri, müəllimlər, ictimaiyyətin nümayəndələri mehribanlıqla qarşıladılar.
Öncə tur iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, dahi rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular. Həmçinin “Uzunömürlülər” muzeyində və rayon tarix-diyarşünaslıq muzeyində olan tur aksiya iştirakçılarına rayonun tarixi keçmişi haqqında məlumat verildi.
Tarix-diyarşünaslıq muzeyinin qarşısındakı meydanda rayon icra hakimiyyəti tərəfindən açılmış bayram süfrəsində Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tur-aksiyanın iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, Dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışdı, rayon haqqında şagirdlərə məlumat verdi. Vurğuladı ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Lerik rayonu da inkişaf etmiş, gözəlləşmişdir.
Sonra məktəblilər “Relax” turizm və istirahət mərkəzində yaradılan şəraitlə tanış olmuşlar.