8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirildi
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında rayonun bütün qadınlarını təbrik etdi, xoş arzularını çatdırdı.
Daha sonra ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində son illər rayonda aparılan tikinti quruculuq, abadlıq işləri haqqında geniş məlumat verdi. Rayonun bir neçə istiqamətində əsas magistral avtomobil yollarının asfaltlaşdırıldığını, yaşayış məntəqələrinin qazlaşdırıldığını, ən ucqar kəndlərdə yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, uşaq bağçalarının tikildiyini, yeni iş yerlərinin yaradıldığını qeyd edən natiq bütün bu işlərdə rayonumuzun qadınlarının da aktiv iştirak etdiyini diqqətə çatdırdı. 2014-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə mərkəzi xəstəxananın həkimi Sadiqə Rufullayevanın Əməkdar həkim, Vizəzəmin kənd tam orta məktəbinin müəllimi Nüşabə Əmirovanın “Tərəqqi” medalı ilə təltif edilməsi bütün rayon qadınlarının əməyinə verilən qiymətdir.
Son illər ölkənin birinci xanını, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında Azərbaycan qadınının tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünya aydın şəkildə görür. Məhz bu fəallığın nəticəsidir ki, ötən il yerli bələdiyyə orqanlarına keçirilən seçkilərdə 100 çox qadın bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş, 81-i bələdiyyə üzvü, onlardan 3-ü isə bələdiyyə sədri seçilmişdir. Bu ucqar dağ rayonumuz üçün böyük irəliləyişdir.
Cənab Prezidentin tapşırığına uyğun olaraq dövlət qadın siyasəti uğurla həyata keçirilir. Rayonun icra hakimiyyətinin aidiyyəti şöbəsi Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqəli işin qurulmasına səy göstərir, qadınların, gənc qızların fəallığının artırılması, onların ictimai həyata cəlb edilməsi üçün mütəmadi tədbirlər təşkil edilir, gender bərabərliyinin təmin olunması, azyaşlı qızların erkən nikaha daxil olmasının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlər keçirilir.
Tədbirdə iştirak edən müxtəlif sahələrdə çalışan xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edən rayon icra hakimiyyəti başçısı onlara cansağlığı, xoşbəxtlik və səadət, fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.
Tədbir iştirakçıları adından mərkəzi xəstəxananın həkimi Sadiqə Rufullayeva, Hamarmeşə kənd tam orta məktəbinin müəllimi Dilarə İbadova, Heydər Əliyev Mərkəzinin işçisi Ülkər Rüstəmova, Monidigah kənd uşaq bağçasının tərbiyəçisi Ülkər Cəfərova çıxış edərək son illər cənab Prezidentin qayğı və diqqəti ilə rayonumuzda aparılan tikinti-quruculuq işləri, tikilən yeni məktəb binaları, səhiyyə müəssisələrinin, xüsusilə qaz xəttinin çəkilməsinə və qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində son illər qadınların ictimai-siyasi həyatda fəallığı daha da artmış, dövlət qulluğunda, bələdiyyə orqanlarında, sahibkarlıq və sair sahələrdə işləyən qadınların sayı xeyli artmışdır.
Daha sonra rayon icra hakimiyyəti başçısı adından ictimai-siyasi həyatda fərqlənən qadınlara gül dəstəsi və qiymətli hədiyyələr təqdim edildi.