Xocalı soyqırımının iyirminci ildönümü Lerik rayonunda da qeyd edilmişdir
“Xocalı soyqırımının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 yanvar tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Lerik Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, xüsusilə də təhsil və mədəniyyət müəssisələrində, eləcə də ərazi icra nümayəndəliklərində Xocalı soyqırımının iyirminci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir.
Xocalı soyqırımının iyirminci ildönümü münasibəti ilə Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində, Lerik şəhər 2 saylı, Lerik şəhər internat, Vizəzəmin, Günəşli, Nuravud, Monidigah, Siyov, Ambu, Vistən kənd tam orta məktəblərində, Noda, Şonaçola, Veri Əliabadı, Nüvədi, Mistan, Büzeyir kənd ümumi orta məktəblərində məktəblilərin Xocalı soyqırımına həsr etdikləri “Xocalı uşaqların gözü ilə” adı altında rəsm əsərləri nümayiş etdirilmiş, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Lerik rayon mədəniyyət evində, Monidigah, Livədirqə, Pirasora, Noda, Veri kənd mədəniyyət evlərində, Əliabad, Bradi kənd klublarında, rayon mərkəzi xəstəxanasında, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatında tədbirlər keçirilmiş, Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərinin sərgisi və faciəyə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmişdir.
Fevralın 24-də Xocalı soyqırımının iyirminci ildönümü münasibəti ilə rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının nümayəndələrinin, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivlərinin, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbiri keçirildi.
Əvvəlcə rayon mədəniyyət evinin foyesində məktəblilərin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərlərindən və kitablardan ibarət sərgiyə baxış keçirildi.
Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xocalı qətliamını əks etdirən film nümayiş etdirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov giriş sözü ilə çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək, dinc insanlara amansızcasına divan tutmuşlar. Daha sonra natiq qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Həmin dövrdən başlayaraq Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı və bütövlükdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların soyqırım siyasəti kimi tanınmasına nail olmaq xətti yeridir.
Rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov Xocalı soyqırımı haqqında məruzə etdi.
Lerik Rayon Məhkəməsinin hakimi Vəzirxan Məlikov, Qarabağ müharibəsi əlili Əlihüseyn Əliyev, jurnalist Hüsaməddin Abbasov, şəhid anası Səmayə Cəfərova çıxış edərək, Azərbaycan xalqına qarşı mənfur düşmənlərimiz tərəfindən törədilmiş soyqırım hadisələrinin unudulmaması, bu həqiqətlərin daha geniş səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının zəruriliyini və itirilmiş torpaqlarımızın cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində azad ediləcəyini, xalqımızın başına gətirilən bu faciələrin soyqırım aktı kimi bütün dünya ictimaiyyəti tərəfindən də qəbul ediləcəyini qeyd etdilər.
Sonda Xocalı soyqırımına həsr edilmiş inşa yazı və rəsm müsabiqələrində qalib gəlmiş məktəblilərə diplom və mükafatlar təqdim edildi.