Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirildi

22 iyul 2022 | 14:08

2022-ci il iyulun 22-də Heydər Əliyev Mərkəzində Milli Mətbuat Günü münasibətilə tədbir keçirildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tədbir iştirakçılarını Milli Mətbuat Günü münasibətilə təbrik edərək bildirdi ki, 147 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır. Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Azərbaycanın milli mətbuatı tarixində öz dəst-xətti olan, onun şanlı ənənələrini uğurla davam etdirən, rayonumuzun ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan “Lerik” qəzeti 1937-ci il martın 30-da nəşrə başlamışdır. Qəzet 1937-ci ildən başlayaraq müxtəlif adlarla – 1937-ci ildə “Zuvand kolxozçusu”, 1938–1965-ci illərdə “Kolxoz yolu”, 1966–1991-ci illərdə “Bolluq uğrunda” adları ilə nəşr edilmişdir. Artıq 30 ildir ki, “Lerik” qəzeti olaraq oxucuların görüşünə gəlir. Bu müddətdə qəzet rayonun iqtisadi, sosial-siyasi, mədəni həyatında mühüm rola malik olmuş, ictimai rəy formalaşdırmış, milli-mənəvi dəyərlərə dəstək olmuşdur. Fəaliyyət göstərdiyi bütün dövrlərdə rayonun ictimai-siyasi, sosial-mədəni, iqtisadi həyatında baş verən hadisələrin, aparılan tikinti-quruculuq işlərinin işıqlandırılması, tarixi keçmişi haqqında silsilə materialların dərc edilməsi bu qəzeti oxucuların sevimlisinə çevirmişdir. Ötən illər ərzində “Lerik” qəzeti böyük inkişaf yolu keçmişdir. “Lerik” qəzetinin uğurlu fəaliyyətində rayonda fəaliyyət göstərən mətbuat işçilərinin, qələm adamlarının böyük əməyi olmuşdur.

Tədbirdə “Lerik” qəzetinin redaktoru, Əməkdar jurnalist İdris Şükürov, təhsil işçisi Hüseynbala Əliyev, şəhid atası, şair-publisist Mükafat Yaqubov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, qocaman jurnalist Abdulla Tahirov və digərləri çıxış edərək Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırdılar, cəmiyyət həyatında mətbuatın önəmli rolundan, ölkəmizdə medianın inkişafı naminə görülən işlərdən danışdılar, rayon icra hakimiyyəti tərəfindən mətbuat işçiləri, qələm adamları ilə görüşlərin mütəmadi olaraq təşkil olunmasını yüksək qiymətləndirdiklərini bildirdilər.

Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmiş “Lerik” qəzetinin redaktoru, Əməkdar jurnalist İdris Şükürova və “Lerik” qəzeti ilə geniş əməkdaşlıq edən mətbuat işçilərinə fəxri fərmanlar təqdim edildi.

Keçidlər