Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Xocalı soyqırımının iyirmi üçüncü ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirildi

26 fevral 2015 | 16:00

Tədbir iştirakçıları öncə mədəniyyət evinin foyesində rayon məktəblilərinin Xocalı soyqırımına həsr etdiyi rəsm əsərlərindən ibarət sərgiyə baxdılar.
      Rayon mədəniyyət evində davam etdirilən anım mərasim iştirakçıları Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, XX əsrin ən qanlı hadisələrindən olan, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş soyqırım nəticəsində Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. 1992-ci il fevralın 25-də axşam saat 9-da ermənilər Xankəndi şəhərindəki, Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın əsgərləri və muzdlu quldurlarla Xocalı şəhərinə hücum etdilər. Şəhər əvvəlcə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edildi. Artilleriya hazırlığından sonra düşmən bir neçə istiqamətdən zirehli tankları və döyüş maşınlarını şəhərə yeritdi. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldı. Düşmənin hücumu nəticəsində Xocalı şəhəri yandırıldı. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutuldu. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 83 azyaşlı uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər, o cümlədən 76 nəfər həddi-büluğa çatmamış şəxs şikəst edildi. Faciə nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 sakin girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyildir.
     Bütün bu olanları dünya ictimaiyyətinə çatdıran Ümummilli liderimiz Heydər Əliyev məhz ilk dəfə bu hadisəyə siyasi qiymət verdi. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmişdir. “Xocalı Soyqırımı (Genosidi) Günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral tarixli 791 nömrəli qərarı ilə 26 Fevral Xocalı Soyqırımı Günü elan olunmuş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
      Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli  Sərəncamı ilə hər il fevralın 26-da saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
      “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli 690 nömrəli Fərmanında erməni faşizminin zaman-zaman başımıza gətirdiyi deportasiyalara və soyqırımlara tam siyasi qiymət verilmişdir. Bu mühüm sənəddə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımların rəsmən adı çəkilmiş, xalqımıza qarşı törədilmiş etnik düşmənçilik siyasətinin kökləri açıqlanmışdır.
      Bu qanlı faciənin dünyada soyqırım aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və dünyada fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparılır, dünyanın demək olar ki, əksər dövlətlərində hər il silsilə tədbirlər keçirilir. Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə filmlər, fotosərgilər nümayiş etdirilir, anım tədbirləri keçirilir. Artıq bir sıra dövlətlərin parlamentləri, ABŞ-ın bir çox ştatının qanunvericilik orqanları, bir sıra beynəlxalq təşkilatların ali orqanları tərəfindən Xocalı soyqırımı haqqında müxtəlif qətnamələr qəbul edilmiş, bəyanatlar verilmişdir. Hazırda ölkəmizin xarici dövlətlərdəki səfirlik və konsulluqları, diaspor təşkilatlarımız tərəfindən, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsi ilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində müxtəlif tədbirlər keçirilir.
       Sonra rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova Xocalı faciəsi haqqında və bu hadisənin dünya dövlətləri tərəfindən soyqırım aktı kimi qəbul olunması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məruzə etdi.
    Daha sonra Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Lerik peşə məktəbinin direktoru Hüseynbala Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov çıxış edərək erməni millətçilərinin Azərbaycana qarşı olan ərazi iddialarından, azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasətindən söz açdılar, bu qanlı faciənin soyqırım aktı kimi bütün dünya dövlətləri tərəfindən tanınmasından ötrü iş aparılmasının hər bir vətəndaşın ümdə vəzifəsi olduğunu bildirdilər.
       Sonda Xocalı soyqırımına həsr edilmiş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirildi.

Keçidlər