Lerik Rayon Təhsil Şöbəsində Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi
Lerik Rayon Təhsil Şöbəsinin işçilərinin, şagirdlərin iştirakı ilə Lerik şəhər 3 saylı tam orta məktəbinin akt zalında Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov açaraq bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi bu gün də məlum deyil.
Daha sonra natiq rayonun ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlərin, xüsusi dərslərin, rəsm və inşa yazı müsabiqələrinin keçirildiyini diqqətə çatdırdı.
Tədbirdə təhsil şöbəsinin metodisti Qafur Xosiyev Xocalıda baş vermiş dəhşətli qətliamla bağlı geniş məruzə ilə çıxış etdi.
Sonda şəhər 3 saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirdi və şerlər söylənildi.