Lerik Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı Şuranın geniş iclası keçirilmişdir
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər, ictimaiyyətin, qeyri hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, rayon mədəniyyət evinin foyesində rayonda aparılan tikinti-quruculuq işlərini əks etdirən foto sərgisi ilə tanış oldular.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov 2014-cü ildə Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil daxili və xarici siyasət nəticəsində son 11 ildə dövlətimiz uğurlu inkişaf yolu keçmiş, bütün sahələrdə nailiyyətlər əldə etmişdir. Ölkəmizdə həm iqtisadi, həm də ictimai-siyasi sabitlik qorunmuşdur. Yola saldığımız 2014-cü ildə də ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmişdir.
Respublikamızda aparılan ardıcıl, uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir.
Rayonumuz dağlıq relyefdə yerləşdiyindən əhalinin əsas məşğuliyyəti və gəlir əldə etdiyi sahə kənd təsərrüfatıdır. 2014-cü ildə rayonun kəndli, fermer və şəxsi təsərrüfatlarında payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərlə yanaşı kartof, tərəvəz və digər bitkiçilik məhsulları da yetişdirilmişdir. Hesabat ilində iribuynuzlu mal-qaranın, qoyun və keçilərin sayı artmış, ət, süd, yumurta, yun istehsalı çoxalmışdır.
2014-cü ildə bütün maliyyə mənbələri hesabına tikinti komplekslərində 17 milyon 500 min manat məbləğində və yaxud 2013-cü ilin müvafiq dövründən 5 milyon 761 min manat çox təmir-tikinti işləri həyata keçirilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən hesabat ilində 329 min ton və yaxud keçən ilə nisbətən 10 min ton çox yük, 1457 min nəfər və ya 3,3 faiz çox sərnişin daşınmışdır. Nəticədə yük və sərnişin daşınmasından 2 milyon 760 min manat, 2013-cü ilə nisbətən 61 min manat və ya 2,2 faiz çox gəlir əldə edilmişdir.
Rabitə müəssisələri tərəfindən hesabat ilində faktiki qiymətlərlə 497 min manatlıq, o cümlədən əhaliyə 400 min manatlıq və ya keçən ildəkindən 19 faiz çox rabitə xidməti göstərilmişdir. Ərazilərimizdə internet xidməti şəbəkəsi genişləndirilmiş, yeni kabel xətləri çəkilmiş, rabitə xətlərində təmir-bərpa işləri aparılmışdır. Peştətük, Almu və Mistan kəndlərində hər biri 64 nömrəlik elektron ATS-lər tikilib istifadəyə verilmişdir.
Daha sonra natiq qeyd etdi ki, hesabat ilində gəlirlərin artması ilə yanaşı əhalinin ticarət şəbəkələrindən aldıqları istehlak malları və onlara göstərilən xidmətlərin çeşidi və həcmi də artmışdır. 2014-cü ildə əhaliyə 71 milyon 66 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 1,8 faiz və ya 470 min manat, pullu xidmətlərin həcmi isə 2,2 faiz və ya 87 min manat çoxalmışdır. Rayonda işləyənlərin orta aylıq nominal əmək haqları 278 manat olmuşdur ki, bu da keçən ilə nisbətən çoxdur. Muzdla işləyənlərin orta aylıq əmək haqları isə 2013-cü ilə nisbətən 10 faiz artmışdır.
Son 11 ildə rayonda 50-yə yaxın məktəb, 3 uşaq bağçası inşa edilmiş, onlarla məktəb və uşaq bağçaları əsaslı təmir edilmişdir. Hesabat ilində 180 şagird yerlik Vizəzəmin və Nücü kənd tam orta məktəbləri inşa edilmiş, Lerik şəhər 3 saylı tam orta məktəbinin dam örtüyü, akt zalı, Mastail kənd tam orta məktəbi əsaslı təmir edilərək istifadəyə verilmişdir. 180 şagird yerlik Pirasora, Boykəndil, Anbu kənd tam orta və Əvilə kənd ümumi orta məktəblərinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerik şəhərində 100 yerlik, ikimərtəbəli uşaq bağçasının tikintisində son tamamlanma işləri həyata keçirilir. 2013-2014-cü tədris ilində 151 nəfər məzun ali məktəblərə qəbul olunmuş, onlardan 14 nəfər 500-dən, 4 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı 22 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramının vaxtında icra edilməsindən ötrü rayon icra hakimiyyəti tərəfindən ayrı-ayrı əlaqədar yuxarı dövlət orqanlarına müraciətlər edilmişdir.
2014-cü ildə rayonda aparılan tikinti abadlıq işlərində, sahibkarlıq subyektlərində, digər sahələrdə 575 nəfər rayon sakini işlə təmin edilmişdir ki, bunlardan da 329-u daimi iş yerləridir. Ümumilikdə Dövlət Proqramlarının icrası ilə bağlı rayonumuzda bu günə kimi 9599 yeni iş yeri açılmışdır.
Hesabat ilində də Lerik şəhərində və ərazilərimizdə tikinti quraşdırma işləri davam etmişdir. Lerik şəhərində “Azersell” ekspress ofisi, Vistən və Orand kəndlərində tibb məntəqələri inşa edilmişdir. Lerik şəhər uşaq bağçası əsaslı təmir edilmiş, bağçada yeni qruplar fəaliyyətə başlamış, 10-dan yuxarı rayon sakini daimi işlə təmin olunmuşdur.
“Sənaye ili” elan edilmiş 2014-cü ildə rayonumuzun ərazisində də sənaye müəssisələrinin açılması üçün münbit şərait yaradılmış, Cəngəmiran kəndi ərazisində “sənaye parkı”nın yaradılması məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Piran kəndində fəaliyyətə başlayan broyler fabrikinin məhsulları “Lebro” əmtəə nişanı ilə satışa çıxarılmışdır. Peştətük kəndində fəaliyyətə başlayan çörək zavodunun istehsalı daha da artırılmışdır. Lerik şəhərində çörək zavodunun, mebel sexinin, Peştətük kəndində şirə sexinin tikintisində işlər sürətlə davam etdirilir.
Hesabat ilində Lerik şəhərində yeni istinad divarları inşa edilmiş, divarlar ağlay plitələri ilə üzlənmiş, səkilərə tamet plitəsi döşənmişdir. Lerik şəhərinin bir neçə küçəsi asfaltlanmış, küçə və meydanlarda müasir işıqlanma sistemləri qurulmuşdur. 4 kommunal və 6 fərdi yaşayış evinin dam örtüyü dəyişdirilmiş, kommunal binalarda təmir işləri aparılmışdır. Daxili imkanlar hesabına XV-XVI əsrə aid “Xəlifə Zəkəriyyə” türbəsinin, Lerik və Noda kənd qəbiristanlıqlarının ətrafı abadlaşdırılmış, ərazi milli ornamentlərlə bəzədilmiş hasara alınmışdır. Lerik şəhəri və Piran kəndində ulu öndərimiz Heydər Əliyevin əzəmətli portreti ucaldılmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonda yeni yaradılacaq kənd təsərrüfatı idarəsi üçün inzibati idarə binasının inşasına başlanılmışdır. Rayon ərazisində digər abadlıq işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz yolunun tikintisi başa çatdırılmış, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılmışdır. Artıq yolun 18 kilometri asfaltlaşdırılmış, digər hissəsində isə tikinti işləri davam etdirilir.
Rayon büdcəsinin vəsaiti hesabına kəndara yollarında asfalt işləri həyata keçirilmiş, daxili imkanlar və ayrı-ayrı iş adamlarının, kənd sakinlərinin köməyi ilə kəndara yollarında təmir-bərpa işləri aparılmışdır. Milli Məclisin deputatı, hörmətli İqbal Məmmədovun yaxından köməyi ilə Almu, Davradibi kəndlərinin yaxınlığından axan çayların üzərində körpülər inşa edilmişdir.
Rayon icra hakimiyyəti başçısı məruzəsində bildirdi ki, Heydər Əliyev Mərkəzində il ərzində 85 tədbir keçirilmiş, 3658 nəfər ziyarətçi Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, foto və digər arxiv sənədləri ilə tanış olmuşdur. 18 gənc cütlük bu müqəddəs məkanda nikah bağlamışdır.
Keçən ilin fevral-may ayları ərzində ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrədilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin 479 nəfər 11-ci sinif şagirdi mərkəzdə keçirilən tarix dərslərinə cəlb edilmişdir. Noyabr ayından başlayan tarix dərslərində də xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın çağdaş tarixindəki mühüm rolu haqqında məlumatlar gənc nəslə öyrədiləcəkdir.
Hesabat ilində ən yadda qalan mədəni tədbirlərdən biri isə rayonumuzun uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədi ilə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 8-də “Relax” turizm-istirahət mərkəzində uzunömürlülərin yaradıcılıq festivalının keçirilməsi olmuşdur.
Festivalda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Balakən və İsmayıllı rayonlarının folklor kollektivləri, xalq tətbiqi sənətinin ustaları, respublikanın mədəniyyət və incəsənət ustaları iştirak etmişdir.
Uzunömürlülərin yaradıcılıq festivalı çərçivəsində Azərbaycan mətbəxinin təbliği məqsədi ilə Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Milli Kulinariya Mərkəzinin birgə təşkil etdikləri plov müsabiqəsi də keçirilmişdir.
Ölkə başçısının vətəndaş-məmur münasibətləri ilə bağlı tələbkarlığı və göstərişlərinə uyğun olaraq rayon icra hakimiyyəti vətəndaşlarla müntəzəm əlaqəni daim nəzarətdə saxlamış, sakinlərin müraciətlərinə, ərizə və şikayətlərinə diqqətlə yanaşmağa səy göstərmişdir.
2014-cü il ərzində rayonun bütün inzibati ərazi dairələrində rayon icra hakimiyyəti başçısı tərəfindən səyyar qəbul və əhali ilə görüşlər keçirilmiş, qəbullarda 4173 nəfər vətəndaş iştirak etmiş, 501 nəfər qəbul edilmiş və onların müraciətlərinə baxılmışdır. Müraciətlərin bir çoxu yerində həll edilmiş və ya həll edilməsi üçün əlaqədar təşkilatlara tapşırıqlar verilmiş, rayonda həlli mümkün olmayan digər məsələlər barədə yuxarı dövlət orqanları qarşısında vəsatət qaldırılmışdır.
Məruzə ətrafında rayon maliyyə idarəsinin müdiri Elman Abbasov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, 43 saylı yol idarəsinin müdiri Elxan Əliyev, fermer təsərrüfatı başçısı Ələkbər Salayev çıxış edərək 2014-cü ildə rayonda ayrı-ayrı sahələr üzrə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Mərkəzi xəstəxananın həkimi Sadiqə Rufullayeva Əməkdar həkim, Vizəzəmin kənd tam orta məktəbinin müəllimi Nüşabə Əmirova “Tərəqqi” medalı ilə təltif edildiyinə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, ölkə başçısının qayğı və diqqəti ilə rayonda həyata keçirilən tikinti işlərinin əhali tərəfindən razılıqla qarşılandığını qeyd etdilər. Gürdəsər kənd sakini Nəsibəli Məmmədov son illər ölkə Prezidentinin qayğı və diqqəti ilə aparılan tikinti-quruculuq işləri ilə bağlı əhali adından minnətdarlığını bildirdi, yaşayış məntəqələrinin qazlaşdırılmasına köməklik göstərilməsini xahiş etdi.
Daha sonra Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə son 11 ildə ölkənin ictimai-siyasi, iqtisadi və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətə çatdırdılar, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində yaradılmış iş yerləri və respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işləri qeyd etdilər, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirdilər.
Sonda Şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar qəbul edildi, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.