Lerikdə sahibkarlara güzəştli kreditlərin verilməsinə həsr olunmuş forum keçirildi
Tədbirdə Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, nazirliyin, rayon icra hakimiyyətinin məsul əməkdaşları və 70-ə yaxın sahibkar iştirak edirdi.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 583 sahibkara 12,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına reallaşdırılan investisiya layihələrinin çərçivəsində 1300-dən çox yeni iş yeri yaradılmışdır. Ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2189 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,2 mln. manat güzəştli kredit verilmiş, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilməsi nəticəsində 10500-dən çox yeni iş yeri açılmışdır. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 2002-2014-cü illər ərzində Lerik rayonu üzrə 150 sahibkara 14 milyon manat, o cümlədən 2014-cü ildə 43 sahibkara 4,8 milyon manat güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 1417, o cümlədən 2014-cü ildə 69 yeni iş yerinin açılması mümkün olmuşdur. Son illər verilmiş güzəştli kreditlər hesabına Lerik rayonu üzrə müasir texnologiyalardan istifadə edilməklə illik istehsal gücü 3,5 min ton quş əti olan 2 quşçuluq təsərrüfatı, illik istehsal gücü 18 min ton qüvvəli yem olan 1 müəssisə, gündəlik istehsal gücü 7,7 (illik istehsal gücü 2,8 min) ton olan 2 çörək zavodu (bir çörək zavodunun tikintisində iş davam etdirilir) inşa edilmiş, illik istehsal gücü 4,6 milyon litr süfrə suları olan 1 müəssisənin tikintisində işlər davam etdirilir. Bu müəssisələrin maliyyələşdirilməsi nəticəsində 203 yeni iş yeri açılmışdır
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək son illər rayonda görülmüş işlər, açılmış yeni iş yerləri barədə məlumat verdi. Sahibkarlara tövsiyə etdi ki, Fond tərəfindən verilmiş kreditlər təyinatına uyğun istifadə edilməli və təqdim edilmiş layihələrin icrasına səy göstərilməlidir.
Forum çərçivəsində Lənkəran iqtisadi rayonunda heyvandarlıq, arıçılıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişaf etdirilməsi məqsədilə 67 sahibkara 507,5 min manat güzəştli kredit verilmişdir.