20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi
Xalqımızın qan yaddaşına təkcə faciə kimi deyil, qəhrəmanlıq, milli qürur və iftixar günü kimi yazılan 20 yanvar hadisələrinin 25-ci ildönümünün keçirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil, səhiyyə və mədəniyyət müəssisələrində, kənd inzibati ərazi icra nümayəndəliklərində silsilə tədbirlər, anım mərasimləri keçirilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir. Rayon icra hakimiyyəti tərəfindən “Şəhidlər” abidə kompleksində təmir-bərpa işləri aparılmış, xiyabanda səliqə-səhman işləri görülmüşdür.
20 yanvar 2015-ci il tarixdə rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri “Şəhidlər” abidə kompleksinə gələrək 20 Yanvar Şəhidlərini yad etdilər, abidənin önünə tər qərənfillər düzdülər.
Daha sonra mədəniyyət evinin foyesində rayon məktəblilərinin 20 yanvar hadisələrinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.
20 Yanvar hadisəsinin 25-ci il dönümünə həsr olunmuş anım mərasimində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bu hadisələrin baş vermə səbəblərini qeyd etdi. Azadlıq uğrunda mübarizəyə qalxan xalqımızın igid oğul və qızlarının haqq səsini boğmaq istəyən qüvvələrə 20 Yanvar sanki bir dərs oldu. Bu gün göstərdi ki, Azərbaycan xalqı öz dövlətçiliyinə, suverenliyinə necə bağlı bir xalqdır. Bu gün xalqımızın 20 Yanvarı qəhrəmanlıq günü kimi qeyd etməyə mənəvi haqqı vardır. Daha sonra natiq o vaxtkı mərkəzi sovet hakimiyyəti və Azərbaycanın səbatsız rəhbərlərinin göstərişi ilə xalqımızın başına gətirilən bu faciəyə hüquqi və siyasi qiymətin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini qeyd etdi. 20 Yanvar hadisələrinin 25-ci il dönümü ilə bağlı rayonda keçirilmiş tədbirlər barədə məlumat verdi. Bu günün təkcə hüzn günü kimi deyil, qəhrəmanlıq günü kimi xalqımız tərəfindən həmişə qürurla yad ediləcəyini diqqətə çatdırdı.
Saat 12:00-da sükut dəqiqəsi elan edildi və şəhidlərin xatirəsi 1 dəqiqliklə yad edildi.
Sonra 20 Yanvar hadisələrinin canlı şahidi olmuş rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev çıxış etdilər.
Anım mərasimi rayon mədəniyyət evi və şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin hazırladığı bədii kompozisiya ilə başa çatdı.