Rayon icra hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
Lerik şəhər inzibati ərazi icra nümayəndəliyinin hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət təsərrüfatlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Hesabat yığıncağında ötən ilin sosial-iqtisadi uğurları, qarşıda duran vəzifələr müzakirə edildi. Məruzə ilə çıxış edən şəhər icra nümayəndəsi Kaməddin Məstiyev son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində əldə olunan uğurları qeyd etdi. Bildirdi ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan inkişaf tempinə, rəqabət qabiliyyətliyinə görə dünyanın inkişaf etmiş ölkələri arasında 38 yerə layiq görülmüşdür. 11 il ərzində ölkədə həm ümumi daxili məhsul istehsalı, həm əhalinin pul gəlirləri, aylıq əmək haqqı və pensiyalar, həm də dövlət büdcəsi dəfələrlə artmış, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır.
Daha sonra məruzəçi ölkəmizin bu sürətli iqtisadi inkişafı fonunda Lerik şəhərində həyata keçirilən abadlı-quruculuq işləri haqqında məlumat verdi. 2008-ci ildə şəhər statusu almış Lerikdə daha çox işlərin görüldüyünü, cənab İlham Əliyevin qayğı və diqqəti ilə dağların qoynunda müasir şəhər salındığını, yeni infrastrukturun yaradıldığını bildirdi.
Lerik şəhər ərazi icra nümayəndəsi eyni zamanda şəhərin abadlığına, səliqə-səhmanına cavabdeh olan xidmət təşkilatlarında həyat keçirilən işlər, əldə olunan nailiyyətlər və yol verilmiş nöqsanları qeyd etdi, 2015-ci ildə qarşıda qoyulan vəzifələrin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri diqqətə çatdırdı.
Yığıncaqda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış etdi. Son illər cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, reallaşdırılan Dövlət Proqramları, islahatlar nəticəsində həm xarici siyasətdə, həm də iqtisadiyyatda böyük uğurların əldə edildiyini, Respublikamızın iqtisadi qüdrətinin ildən-ilə gücləndiyini bildirdi. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilən iclasda sadalanan uğurlar barədə geniş məlumat verdi. Bildirdi ki, Lerik rayonu da uğurlu inkişaf yolu keçmiş, rayon mərkəzi və kəndlərimizdə böyük tikinti-quruculuq işləri aparılmışdır. Daha sonra rayon icra hakimiyyəti başçısı Lerik şəhərində aparılan abadlıq işlərinin, işıqlandırma şəbəkəsinin qorunması barədə tapşırıq və tövsiyələrini verdi, 2015-ci ildə də tikinti işlərinin davam etdiriləcəyini qeyd etdi.
Hesabat yığıncağında su-kanal idarəsinin müdiri Asif İmanov, Lerik bələdiyyəsinin sədri Hüseynağa Şahiyev, Lerik şəhər bir nömrəli texniki fənlər təmayüllü liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva çıxış edərək görülən işlər və qarşıda duran vəzifələri diqqətə çatdırdılar.
Yığıncağın sonunda sakinlərin sualları cavablandırıldı.