Rayon icra hakimiyyəti başçısının Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şingədulan kənd inzibati ərazi icra nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.
Hesabat məruzəsi ilə çıxış edən ərazi icra nümayəndəsi Nəbi Mirzəyev son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində əldə olunan uğurları qeyd edərək bildirdi ki, son 11 ildə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan inkişaf tempinə görə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmuşdur. Ölkədə həm ümumi daxili məhsul istehsalı, həm əhalinin pul gəlirləri, aylıq əmək haqqı və pensiyalar, həm də dövlət büdcəsi dəfələrlə artmış, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, on illərə hesablanmış uzaqgörən və məqsədyönlü strategiya nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdur. Son 11 ildə Azərbaycanda işsizliyin, yoxsulluğun və inflyasiyanın səviyyəsi aşağı düşmüş, əhalinin real pul gəlirləri, ümumi daxili məhsul istehsalı, valyuta ehtiyatlarımız və dövlət büdcəmiz dəfələrlə artmışdır. Qeyr-neft sektorunda, kənd təsərrüfatı və sənayedə inkişaf əldə edilmişdir. Bütün bunlar ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün, məqsədyönlü iqtisadi siyasət, sahibkarlığa göstərdiyi diqqət və qayğının, ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticələridir. Hamımız canlı şahidiyik ki, ildən-ilə əhalinin həyat səviyyəsi yaxşılaşır, bütün şəhərlərimiz, rayon mərkəzləri, kəndlər abadlaşır, gözəlləşir.
Daha sonra məruzəçi ölkəmizin bu sürətli iqtisadi inkişafı fonunda Lerik rayonunda da bir çox işlərin görüldüyünü bildirdi. Bu inkişaf ərazimizdə də hiss edilir. Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana – yeni məktəb” devizi altında ərazimizin Durğan kəndində 80 şagird yerlik, rayon icra hakimiyyətinin daxili imkanları hesabına Ağqışlaq kənd ibtidai məktəb binası tikilib istifadəyə verilmişdir. Şingədulan kənd həkim məntəqəsi üçün yeni bina inşa edilmiş, burada hər cür şərait yaradılmışdır. Təbii fəlakət nəticəsində Şingədulan kənd tam orta məktəbin dam örtüyünə ziyan dəymiş, demək olar ki, məktəbin dam örtüyü tamamilə dağılmışdı. Rayon icra hakimiyyətinin başçısı hörmətli Rövşən müəllimin köməkliyi ilə daxili imkanları hesabına məktəbin dam örtüyü bərpa edilmişdir.
Noda-Şingədulan-Xanagah yolunun tikintisi üçün vəsaitin ayrılması barədə 2013-cü ilin sentyabr və 2014-cü ilin avqust ayında Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmiş Sərəncamlar vətəndaşlarımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. İllərlə həsrətində olduğumuz yolun tikilməsi insanlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ərazidə yaşayan bütün vətəndaşlar adından Cənab Prezidentə öz dərin minnətdarlığımızı bildiririk. Hazırda yolun 18 kilometri asfaltlaşdırılmış və qalan hissədə işlər davam edir. Hesabat ilində iş adamlarının köməkliyi ilə Şingədulan, Zenonu, Kuman, Laman və Durğan kəndlərində kənddaxili yolları hamarlanmış və çınqıl döşənmişdir. İnsanların gediş-gəlişi xeyli yaxşılaşmışdır. Şingədulan kəndində iş adamı tərəfindən xeyir-şər evi tikilmişdir.
Daha sonra ərazi icra nümayəndəsi ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən həyat keçirilən işlər, əldə olunan nailiyyətlər və işdə yol verilmiş nöqsanları qeyd etdi, 2015-ci ildə qarşıda qoyulan vəzifələrin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri diqqətə çatdırdı.
Yığıncaqda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış etdi. 2014-cü ilin cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində həm xarici siyasətdə, həm də iqtisadiyyatda böyük uğurlar ili kimi tarixə qovuşduğunu qeyd etdi. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu günlərdə keçirilən iclası barədə geniş məlumat verdi. Son 11 ildə cənab İlham Əliyevin qayğı və diqqəti, rəhbərliyi sayəsində respublikada əldə olunan uğurları diqqətə çatdıran natiq qeyd etdi ki, bu illər ərzində Lerik rayonu da uğurlu inkişaf yolu keçmiş, rayon mərkəzi və kəndlərimiz öz simasını tamamilə dəyişmişdir. Daha sonra rayon icra hakimiyyəti başçısı 2014-cü ildə rayonda görülən işlər və gerçəkləşdirilmiş layihələr, qarşıda duran vəzifələr və görüləcək işlər barədə məlumat verdi.
Hesabat yığıncağında Şingədulan kənd tam orta məktəbinin direktoru Xansayad Əsgərov, Şingədulan kənd həkim məntəqəsinin müdiri Səbiyyə Əsgərova, Zenonu kənd sakini, ağsaqqal Ağasala Salayev, Durğan kənd ümumi orta məktəbin direktoru Balaqardaş Babayev, Şingədulan kənd sakini, ağsaqqal İsa İsmayılov, Laman kənd sakini Babalı Quliyev, Şingədulan kənd sakini Xanağa İsayev çıxış edərək rayonda və ərazidə aparılan abadlıq işləri, Noda-Şingədulan-Xanagah yolunun tikintisinə görə həm ölkə Prezidentinə, həm də rayon icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə yaşayış məntəqələrinin qazlaşdırılması və içməli su probleminin həllinə, elektrik təsərrüfatında əsaslı təmir işlərinin aparılmasına və Şingədulan kəndində xəstəxananın açılmasına köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul edildi.