Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Piran-Veri avtomobil yolunda yeni inşa edilmiş körpü əhalinin istifadəsinə verildi

30 dekabr 2014 | 16:00

Veri və Tikəband kənd inzibati ərazi dairəsinin kəndlərinə gedən Piran-Veri avtomobil yolunun, Davradibi kəndi ərazisindən keçən Davradibi çayı üzərində yeni inşa edilmiş körpünün açılış mərasimi keçirildi.
    Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun  hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, təşkilat və müəssisələrin rəhbərləri və hər iki ərazidən ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
     Tədbiri açıq elan edən rayon icra hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov son illər rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərini diqqətə çatdırdı, 2014-cü ilin rayonumuz üçün uğurlu il olduğunu qeyd etdi.
  Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək tədbir iştirakçılarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və körpünün  açılışı münasibəti ilə təbrik etdi, xoş arzularını çatdırdı. Daha sonra natiq qeyd etdi ki, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində uğurla inkişaf edir, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır. Cənab Prezidentin diqqət və qayğısının nəticəsidir ki, bu inkişaf tendensiyası rayonumuzda da davam etdirilir. Son illər ən ucqar kəndlərimizdə belə 60-a yaxın məktəbin tikintisi və əsaslı təmiri, 38 kəndimizdə mavi qazın yanması, yeni iş yerlərinin açılması, mədəniyyət və səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisi, bir neçə istiqamətdə əsas magistral avtomobil yollarının asfaltlaşdırılması, su xətlərinin çəkilməsi, kanalizasiya şəbəkəsinin yaradılması, modul elektrik stansiyasının, dağ çayları üzərində körpülərin tikilməsi və sadalamadığımız bir çox digər işlər kəndlərimizin simasının dəyişməsinin təzahürüdür. Son 5 ildə 9-cü körpüdür ki, açılışında sizlərlə birlikdə iştirak edirəm. Rayonumuzda əldə olunan bu uğurlar cənab Prezidentin tapşırığı ilə yerlərdə sahibkarlığın inkişafına verilən dəstək və sahibkarlara yaradılan münbit şəraitlə bağlıdır. İnanıram ki, qarşıdakı illərdə uğurlarımız daha çox olacaqdır.
     Sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək kənd əhalisini təbrik etdi. Bildirdi ki, tökmə dəmir-beton konstruksiyadan istifadə edilməklə Davradibi çayının üzərində uzunluğu 15, eni 4.5, hündürlüyü 3.5 metr olan yeni inşa edilmiş körpü cənab Prezidentin diqqət və qayğısının bariz nümunəsidir. Son 10 il müddətində cənab Prezidentin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində respublikamızda və rayonumuzda aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Uzun illər idi ki, Veri və Tikəband kənd inzibati  ərazi dairələrinə daxil olan 13 kəndin 7 mindən çox əhalisi bu körpünün tikintisini arzu edirdi. Nəhayət bu gün, yeni il ərəfəsində körpünün açılışına nail olduq. Arzu edirəm ki, yeni il rayonumuz və hər biriniz üçün uğurlu, düşərli olsun.
      Daha sonra Tikəband kənd sakinləri Gülağa Salayev,  Ağamoğlan Nəbiyev, Veri kənd sakini Fərman Rəhimov çıxış edərək bu tədbirin əhalinin sevincinə səbəb olduğunu bildirdilər, göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər. Yeni il ərəfəsində uzun illərdən sonra bu körpünün açılışını onlar üçün əsl bayram hədiyyəsi olduğunu bildirdilər. Körpünün tikintisində əməyi olan hər kəsə, tikinti şirkətinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını çatdırdılar.
     Milli məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov rəmzi açılışı bildirən lenti kəsdikdən sonra körpü  əhalinin istifadəsinə verildi.

Keçidlər