Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirildi
Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 11-ci il dönümü münasibəti ilə anım mərasimi keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri ümummilli liderin abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad etmişdir.
Daha sonra rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Ümummilli Lider Heydər Əliyevin abidəsi önündən keçərək gül dəstələri qoymuş, Ulu Öndərə sonsuz ehtiramlarını bildirmişlər.
Anım mərasimindən sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq oldu. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, rayon peşə məktəbinin direktoru Hüseynbala Əliyev, rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu olmuş Ulu Öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən 34 illik siyasi fəaliyyəti haqqında geniş məlumat verdilər. Bildirildi ki, ötən əsrdə iki dəfə xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə gələn dahi Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmış, dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Bütün bu xeyirxah əməlləri ilə xalqın ürəyində özünə əbədilik qazanmışdır.