2025-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib
Lerik rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisin deputatı Vasif Qafarov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Lerik şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tədbirdə geniş məruzə ilə çıxış edərək 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi inkişafın yekunları və 2026-cı ildə qarşıda duran prioritetlər barədə məlumat verib. Qeyd edib ki, mükəmməl islahatlar konsepsiyasının müəllifi olan cənab Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaratmış və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, respublikamızın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaratmışdır. Uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları və makroiqtisadi layihələr ölkə iqtisadiyyatını daha da inkişaf etdirmişdir.
Bu inkişaf rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, şəhərsalma və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaradıb. Hesabat ilində rayonda yeni infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoymuş, yeni avtomobil yolları inşa edilmiş, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir. Ötən dövr ərzində Lerik şəhəri ilə yanaşı kəndlərimizdə də abadlıq-quruculuq işləri aparılmışdır.
Tədbirdə Milli Məclisin deputatı Vasif Qafarov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışlarında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat veriblər, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıblar.
Sonra hesabat yığıncağında Lerik Rayon Prokuroru Şahin Şükürov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Maqsud Ağayev, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü lisey-məktəbin direktoru Gültəkin Şıxəliyeva və Lerik DAİM-in direktoru Cahani Nüsrətzadə çıxış ediblər.
Hesabat yığıncağında qərar layihəsi qəbul edilib, rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.







