Beynəlxalq Əlillər Günü Lerikdə qeyd edildi
3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə bir qrup Qarabağ müharibəsi əlili ilə görüşən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Beynəlxalq Əlillər Günü münasibəti ilə təbriklərini çatdırdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun nəticəsi olaraq reallaşdırılan Dövlət Proqramları çərçivəsində görülən işlər, açılan yeni iş yerləri və xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər haqqında geniş məlumat verdi. Ölkəmizdə əlillərə, o cümlədən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə, aztəminatlı ailələrə diqqət və qayğının göstərildiyini qeyd etdi.
Hər il bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyünü vurğulayan natiq son illər bu sahədə rayonda da bir sıra işlərin həyata keçirildiyini bildirdi. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli yaşayış binasının tikildiyini, 11 nəfər üçün fərdi evlərin inşa olunduğunu və 30-dan çoxuna minik maşınlarının verildiyini, cənab Prezidentin tapşırığına əsasən rayonumuzda əlillər üçün hər cür şəraitin yaradıldığını, problemlərinin həllinə daim diqqət göstərildiyini bildirdi. Rayon icra hakimiyyətinin başçısı bütün bunların cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində həyata keçirildiyini qeyd etdi.
Ölkə başçısının tapşırığı ilə istər Qarabağ Müharibəsi əlilləri, müharibə iştirakçıları, Çernobl əlilləri və hərbi tapşırığı yerinə yetirərkən əlil olan şəxslərə, Böyük Vətən müharibəsi iştirakçılarına, ümumi xəstəliklərdən əlil olan vətəndaşlara rayon icra hakimiyyətinin imkanları daxilində daim diqqət göstərilir, onların həlli mümkün problemlərinin həllinə, müalicə və reabilitasiyasına köməklik göstərilir. Cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində gündən-günə iqtisadiyyatı möhkəmlənən Respublikamızda bu kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğısının digər dövlətlərdə olmadığını diqqətə çatdırdı.
Qarabağ müharibəsi əlillərindən Üzeyir Məmmədov, Arzuman Nəhmətov, Gündüz Mustafayev, Rafiq Rəhimov çıxış edərək göstərilən qayğı və diqqətə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə hər il Beynəlxalq Əlillər Günündə onlarla görüşün keçirilməsini müsbət dəyərləndirdiklərini bildirdilər, əlillərin sosial problemlərinin həlli istiqamətində bir sıra təkliflər səsləndirdilər. Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Veysəl Məlikov şöbənin fəaliyyətinin təmin edilməsində göstərdiyi köməkliyə, Qarabağ Müharibəsi əlilləri və Şəhid ailələrinə daim qayğı ilə yanaşdığına görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq etdi.
Sonda rayon icra hakimiyyəti başçısının adından Qarabağ müharibəsi əlillərinə maddi yardım verildi.