Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir

17 fevral 2012 | 16:00

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Rayon mədəniyyət evinin foyesində tədbir iştirakçıları rayonda aparılan tikinti-quruculuq işlərini əks etdirən fotoşəkillərin, istehsal olunan məhsulların və turizm obyektlərinin sərgisi ilə tanış oldular.
Rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş “İnkişaf tarixinin daha bir ili” adlı filmin nümayiş etdirildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 2011-ci ildə Lerik rayonunda görülmüş işlər və 2012-ci ildə qarşıda duran vəzifələrə dair məruzə etdi. Bildirdi ki, yola saldığımız 2011-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrində köklü dəyişikliklər və dinamik inkişafla, zəngin tarixi hadisələrlə yadda qalmışdır. Son 8 ildə cənab Prezident tərəfindən aparılan genişmiqyaslı islahatların, həyata keçirilən dövlət proqramlarının nəticəsidir ki, 2011-ci ildə də ölkəmiz daha böyük uğurlar əldə etməyə, siyasi və iqtisadi qüdrətini artırmağa, beynəlxalq mövqelərini daha da möhkəmləndirməyə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə nail olmuşdur.
Bu möhtəşəm uğurlar fonunda 2011-ci ildə yadda qalan ən mühüm hadisələrdən biri də müstəqilliyimizin bərpa edilməsinin 20 illiyinin bütün ölkə ərazisində təntənə ilə bayram edilməsi, cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət və şəxsi qətiyyəti sayəsində Azərbaycanın oktyabr ayında dünyanın 193 dövlətindən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu. Bu, həqiqətən də Azərbaycan diplomatiyasının böyük qələbəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu qələbə Azərbaycan xalqının, dövlətimizin qələbəsi, siyasətimizin təntənəsidir.
Respublikamızdakı uğurlu iqtisadi islahatlar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Rayonumuzun siması tanınmaz dərəcədə dəyişmiş, bütün ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 80 nömrəli Fərmanın icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 1951, o cümlədən cari ildə 621, ümumilikdə isə 2004-2011-ci illər ərzində 6701 iş yeri açılmışdır. Açılan iş yerlərinin 30%-dən çoxu daimi iş yerləridir.
Ölkə başçısının diqqəti ilə respublikada olduğu kimi, rayonumuzda dövlət vəsaiti hesabına Hamarmeşə və Veri kənd tam orta məktəbləri inşa edilmiş, Züvüç, Barzavu, Aran, Davradibi, Ləkər, Daster və Kələxan kəndlərində isə məktəb binalarının tikintisində iş davam etdirilir. 2012-ci ildə isə rayonumuzda daha 7 məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyəti aparatı, baytarlıq idarəsi yeni inşa edilmiş, müasir tələblərə cavab verən binalara köçmüş, 6 saylı vergilər idarəsi üçün kompüter terminalının, rayon statistika idarəsi üçün inzibati idarə binasının, Siyov kəndində həkim məntəqəsinin tikintisində son tamamlanma işləri aparılır. Rayon üzrə bütün ATS-lər elektron tipli ATS-lərlə əvəzlənmişdir.
Cənab Prezidentin tapşırığı və Dövlət Proqramına uyğun olaraq əhalinin içməli su təchizatının yaxşılaşdırılması və fasiləsiz elektrik enerjisi ilə təminatına nail olmaq məqsədi ilə Lerik şəhərinə su xəttinin çəkilməsi və şəhərin kanalizasiya sisteminin yaradılması, 17 meqavat gücündə modul tipli elektrik stansiyasının tikintisinə ilkin hesablamalara görə 50 milyon manatdan yuxarı vəsait ayrılmışdır ki, bu da rayonumuzun tarixində həyata keçirilən maliyyə vəsaiti baxımından ən böyük sosial layihələrdir.
2011-ci ildə rayonumuzda adambaşına düşən gəlir 2010-cu ilə nisbətən 13 manat artaraq 859 manata çatmışdır. Ümumi məhsul buraxılışının həcmi keçən ilə nisbətən 13%, nəqliyyat daşınmaların gəlirləri 9%, pərakəndə əmtəə dövriyyəsi 18%, pullu xidmət 9% və kənd təsərrüfatı məhsulunun həcmi 14% artmışdır. 2011-ci ildə bütün maliyyə mənbələri hesabına rayonda aparılan tikinti sahələrində 8 milyon 598 min manat məbləğində, yaxud 2010-cu ilə nisbətən 338 min manat çox təmir-tikinti işləri icra edilmişdir. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilə nisbətən 6% artaraq 267 manata, adambaşına düşən gəlirləri 1,4% artaraq 859 manata çatmışdır. Gəlirlərin artması ilə yanaşı, əhalinin ticarət şəbəkələrindən aldıqları istehlak malları və onlara göstərilən xidmətlərin çeşidi və həcmi də 951 min manat artaraq 10 milyon 985 min manata çatmışdır.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, elektrik şəbəkəsinin rəisi İxtiyar İmanov, Lerik bələdiyyəsinin sədri Hüseynağa Şahiyev, rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov, qaz istismar idarəsinin rəisi Əzizağa Şahpələngov çıxış edərək, 2011-ci ildə rayonda ayrı-ayrı sahələrdə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxış etdilər.
Sonda hesabat yığıncağının iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
 

Keçidlər