2 fevral – Gənclər Günü münasibəti ilə Lerik rayonunda Gənclərin Zona Forumu keçirilib
03 fevral 2025-ci il tarixində gənclərin vətənpərvərlik, dövlətçilik, dövlətə sədaqət ruhunda tərbiyə olunması, onların milli və beynəlxalq səviyyədə inkişafına təkan vermək, milli dəyərlərə bağlılığını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, eyni zamanda sağlam həyat tərzini təşviq etmək məqsədi ilə Lerik Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lerik rayonunda “Azərbaycan gəncliyi; suverenlik, inkişafa doğru gedən yol” adlı forum keçirilib.
Forumda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lənkəran Regional “Asan xidmət” mərkəzinin rəisi Əmir Əfəndiyev, Lənkəran KOB Dostu Rahib Cəbiyev, “Azərbaycan Beynəlxalq Bank”ın Lənkəran filialının rəhbəri Rövşən Abbasov iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik edib.
Bildirib ki, Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olub. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilib. Cənab Prezidentin gənclərlə bağlı verdiyi tövsiyələr, imzaladığı fərman və sərəncamlar ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə yüksək dəyər verdiyinin təzahürüdür.
Tədbirdə digər çıxış edənlər bu əlamətdar tarixi günün əhəmiyyətindən, gənclərə göstərilən böyük diqqət və qayğıdan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıblar.
Sonra tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanda gənclər siyasəti və suverenlik mövzularını əks etdirən videoçarx tədbir iştirakçılarına təqdim edilib.
Regionda gənclər sahəsində ictimai fəallığı ilə fərqlənən bir qrup gənc Lerik Rayon İcra Hakimiyyətinin başçısının, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran – Astara Regional Təhsil şöbəsinin Fəxri Fərmanları ilə təltif edildilər.
Mükafatlandırmadan sonra "Azərbaycan suverenliyi və gənclərin roluna baxış" mövzusunda panel müzakirələr keçirilib.
Tədbir gənclərin iştirakı ilə konsert proqramı ilə yekunlaşıb.