Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2014-cü ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr haqqında Lerik Rayon İcra Hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirilmişdir

15 oktyabr 2014 | 15:00

2014-cü ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr haqqında Lerik Rayon İcra Hakimiyyəti başçısının hesabatına həsr olunmuş geniş Şura iclası keçirildi.
      Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək oktyabrın 8-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikamızdakı iqtisadi və siyasi vəziyyətin dərindən təhlil olunduğunu, əldə edilmiş uğurların qiymətləndirildiyini, qarşıda duran vəzifələr və onların həlli yollarının dəqiq müəyyən edildiyini diqqətə çatdırdı.
      2014-cü ilin doqquz ayında rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə edən rayon icra hakimiyyətinin başçısı bildirdi ki, rayonun bütün ərazisində abadlıq-quruculuq və tikinti işləri böyük vüsət almışdır. Aparılan abadlıq-quruculuq və tikinti işlərində və digər sahələrdə 476 nəfər rayon sakini işlə təmin edilmişdir ki, bunlardan da  266-sı daimi iş yerləridir.
      2014-cü il kənd əməkçiləri üçün uğurlu olmuşdur. Havaların quraqlıq keçməsinə baxmayaraq, sahələrdə bol məhsul yetişdirilmiş, heyvandarlıq məhsulları əvvəlki illərə nisbətən artmışdır.
      Payızlıq əkinlər üçün herik şumu qaldırılmış, taxıl səpininə başlanılmışdır. Kənd təsərrüfatı texnikasının azlığı əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılmasında bir sıra çətinliklər yaradır.
      Daha sonra natiq qeyd etdi ki, vətəndaşların müraciətləri nəzərə alınaraq rayon icra hakimiyyətinin daxili imkanları hesabına Vistən, Vizəzəmin və Orand kəndlərində tibb məntəqələrinin tikintisinə başlanılmışdır. Lerik şəhər uşaq bağçası əsaslı təmir edilmiş, bağçada yeni qruplar fəaliyyətə başlamış, 10-dan yuxarı rayon sakini daimi işlə təmin olunmuşdur.
      İş adamları tərəfindən Lerik şəhərində şadlıq sarayı, Lənkəran–Lerik yolu boyunca və rayonumuzun digər ərazilərində turizm-istirahət əyləncə mərkəzləri, onlarca ticarət və iaşə obyektləri inşa edilmişdir. Piran kəndində fəaliyyətə başlayan broyler fabrikinin “Lebro” əmtəə nişanlı məhsulları rayonumuzun şöhrətini daha da artırmışdır.
      Lerik şəhərinin İ.Yaqubov, E.Qarayev, H.Aslanov küçələrində yeni istinad divarları, səkilər inşa edilmiş, işıqlandırma sistemi yenilənmiş, ərazidə yol genişləndirilmiş, yeni tikilmiş divarlar ağlay daşlarla üzlənmiş, park və xiyabanlarda bəzək ağacları, gül kolları əkilmişdir. Daxili imkanlar hesabına XV–XVI əsrlərə aid “Xəlifə Zəkəriyyə” türbəsinin, Lerik və Noda kənd qəbiristanlıqlarının ətrafı abadlaşdırılmış, ərazilər milli ornamentlərə uyğun olaraq hasara alınmışdır. Lerik şəhərində “Azercell Ekspress” ofisi inşa edilmişdir. Rayon ərazisində digər abadlıq işləri həyata keçirilir.
      Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 3 aprel tarixli Sərəncamı ilə 26 km-lik Lerik–Qosmalian–Kəlvəz avtomobil yolu inşa edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 sentyabr tarixli Sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda–Şingədulan–Xanəgah avtomobil yolunun tikintisinə başlanılmışdır. Sözün əsl mənasında, ərazidə yaşayan əhali üçün inqilab sayıla biləcək yolun 18 km-i asfaltlaşdırılmış, yolun digər hissəsində isə tikinti işləri sürətlə davam etdirilir.
      Rayon büdcəsinin vəsaiti hesabına şəhərin bütün küçələri, Noda, Piran, Günəşli, Cəngəmiran, Blaband, Qosmalian, Osnağakücə, Monidigah, Xəlifəkücə, Əliabad kəndlərinin daxili yollarının 10 kilometrdən çox hissəsi asfaltlaşdırılmışdır.
      Rayon icra hakimiyyətinin daxili imkanları və ayrı-ayrı iş adamlarının, kənd sakinlərinin köməyi ilə vaxtaşırı olaraq kəndara yollarında təmir-bərpa işləri aparılır. Milli Məclisin deputatı İqbal Məmmədovun yaxından köməyi ilə Almu kəndinə gedən yolun üzərində yeni körpü inşa edilmiş, Veri və Tikəband ərazilərində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Davradibi çayı üzərində körpünün tikintisinə başlanılmışdır.
Əhalinin müraciətləri nəzərə alınaraq 24 km-lik Piran–Hamarat–Vijaker avtomobil yolunda əsaslı təmiri işləri aparılmışdır. Yeni Dövlət Proqramında yolun tikilməsi tədbirlər proqramında nəzərdə tutulmuşdur. Tülüconu kənd inzibati ərazi dairəsinin Kaqoy kənd sakinlərinin bir qrupunun müraciəti nəzərə alınaraq Kaqoy kəndinə gedən yolun əsaslı təmiri üçün rayon icra hakimiyyəti tərəfindən maliyyə köməkliyi göstərilmişdir.
      Rayon üzrə bütün ATS-lər elektron tipli ATS-lərlə əvəzlənmişdir. Elektron ATS-lərin quraşdırılması rayon əhalisinin sürətli internet xidmətindən istifadəsini asanlaşdırmışdır.
      Yeni tədris ilində inşa edilmiş Nücü, Vizəzəmin və əsaslı təmir edilmiş Mastail kənd tam orta məktəbləri müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Hazırda 180 şagird yerlik Pirasora, Boykəndil, Ambu kənd tam orta, 80 şagird yerlik Əvilə kənd ümumi orta məktəblərinin tikintisi aparılır. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun vəsaiti hesabına Lerik şəhərində 100 yerlik uşaq bağçasının tikintisində işlər sürətlə davam etdirilir. Lerik şəhər 3 saylı tam orta məktəbinin dam örtüyü əsaslı təmir edilir.
2013/2014-cü tədris ili rayonumuzun məzunları üçün uğurlu olmuşdur. 151 nəfər məzun, o cümlədən builki məzunlardan 114 nəfəri ali məktəblərə qəbul olunmuşdur, onların 38-ni qızlar təşkil edir. 234 məzun, o cümlədən builki məzunlardan 192 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur ki, onların 83 nəfəri qızlardır.
      Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov “Vətən uğrunda” medalı ilə, Pirasora kənd ərazi icra nümayəndəsi Əligüşad Xalıqov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Vizəzəmin kənd tam orta məktəbinin riyaziyyat müəllimi Nüşabə Əmirova “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
      Daha sonra icra hakimiyyətinin başçısı regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul edildiyini, Dövlət Proqramında bütün məsələlərin öz əksini tapdığını, hər bir rayon üzrə konkret vəzifələrin, tapşırıqların olduğunu və bir çox sosial-iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük imkanlar olacağını qeyd etdi.
      İclasda rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, rayon meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Eyvaz Babayev, rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov məruzə ətrafında çıxış etdilər.
      Sonda  rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayona göstərdiyi qayğı və diqqətə görə əhali adından minnətdarlığını bildirdi, qarşıya qoyulan vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə etdi.
Şura iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərar qəbul edildi.
      Tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər