Lerikdə gənclərin hərbi xidmətə yola salınması ilə bağlı mərasim keçirilmişdir
2014-cü il oktyabrın 2-də Lerik şəhərində gənclərin hərbi xidmətə yola salınması ilə bağlı mərasim keçirildi.
Heydər Əliyev meydanında keçirilən tədbirdə çağırışçılarla yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, valideynlər də iştirak edirdilər.
Çağırışçılar Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular, ulu öndərin abidəsini ziyarət etdilər, abidə önündə gül dəstələri düzdülər.
Mərasim Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi mayor Elməddin Cəfərov son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən danışdı, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində respublikamızın regionda ən güclü orduya malik ölkəyə çevrildiyini qeyd etdi. E.Cəfərov gənclərə uğurlar arzuladı və onların ordu sıralarında Vətənə ləyaqətlə xidmət edəcəklərinə ümidvar olduğunu bildirdi.
Böyük Vətən müharibəsi veteranı Daşdəmir Paşayev, rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov, valideynlər adından Aqil Nəcəfov gənclərə xeyir-dua verdilər, onların hərbi vəzifələrə vicdanla və məsuliyyətlə yanaşmalarını tövsiyə etdilər.
Çağırışçılar adından çıxış edən Nəzarət Şəfiyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyi özlərinə borc və şərəf bildiklərini, öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini, Ali Baş Komandan cənab İlham Əliyevin əmri olarsa torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olacaqlarını qeyd etdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hərbi xidmətin hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğuladı, gəncləri Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırdı. O, ümummili liderimiz Heydər Əliyevin nizami ordu quruculuğu sahəsində və ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində müstəsna xidmətlərindən danışdı. Bildirdi ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmiş və o, hazırda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək qabiliyyətindədir. Ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirən rayon icra hakimiyyətinin başçısı gənclərə uğurlar arzuladı.
Mərasim konsert proqramı ilə davam etdirildi.
Çağırışçılar Azərbaycan Respublikasının Dövlət bayrağını öpərək və müqəddəs Qurani-Kərimin altından keçməklə hərbi hissələrə yola salındılar.